Frankfurt avtosalonun ən çox gözlənilən yeniliklərindən biri olan Mercedes-AMG Project One adlı hiperkar dünən Frankfurtda keçirilən xüsusi tədbirdə təqdim edilib. Alman istehsalçısının rəhbəri Diter Zetşe hiperkarın Formula 1 texnologiyalarının əsasında yaradıldığını qey edib. Bu pafos üçün söylənilən kəlmələr deyil – bu həqiqətdir.
AMG bölməsinin 50 illik yubileyinə həsr edilmiş hiperkar 2015-ci ilin Mercedes-AMG W06 Hybrid bolidinin 1,6-litrlik V6 Turbo mühərriki ilə təchiz edilib. Qeyd etmək lazımdır ki, mühərrikin klapanlarının pnevmatik ötürməsi də qorunub-saxlanılıb. Bununla belə, mühərriki gündəlik istifadəyə yayarlı etmək üçün güc aqreqatı yeni porşen və sürgü qolu, yenilənmiş elektronika ilə təchiz olunur. Eyni zamanda, hiperkarın çəninə Super (Aİ-98) benzinini doldurmaq olar. Daha bir dəyişiklik mühərrikin dövrlərinə aiddir – F1 mühərrikindən fərqıi olaraq Project One modelinin mühərriki 15 min dövrə deyil 11 min dövrə edə bilər. Bu dəyişikliklər mühərrikin resursunu 4 mindən 50 min kilometrə qədər artırmağa imkan verib.
Formula 1 bolidində olduğu kimi, benzin mühərriknə iki elektromotor quraşdırılıb. Onlardan birincisi 122 at qüvvəsi hasil edir və turbokompressorun qanadcıqlarını hərlənməsinə cavabdehdir. İkinci, 163 at qüvvəli elektomotor, benzin mühərrikinin sürgü qolunda quraşdırılıbdır ki, bu aqreqat əyləcləmə zamanı rekuperator rolunu oynayaraq elektrik enerjisi hasil edir, sürətlənmə zamanı isə, benzin mühərrikinə yardım edir.
Transmissiya rolunu bir muftası və hidravlik ötürməsi olan səkkiz pilləli “robot” ifa edir. Arxa oxa ötürülən gücün ən yüksək həddi 680 at qüvvəsi təşkil edir.
Formula 1 bolidindən fərqli olaraq hiperkarın ön öxunda iki elektromotor yerləşdirilib. Mühərriklərin hər biri 163 at qüvvəsi hasil edir və ona təhkim edilən təkərə cavabdehdir. Bundan başqa, bu elektromotorların köməyi ilə dartma vektorunun idarə olunması həyata keçirilir. Ön oxun arxasında döşəmədə yerləşdirilən iki batareyalar bloku, hiperkarı elektrik ötürməsində 25 kilometrlik yürüş ehtiyatı ilə təmin edir. Hiperkarın batareyalarını məişət elektrik şəbəkəsindən də doldurmaq mümkündür. Avtomobilin elektrik şəbəkəsi 800 voltluq gərginlikdə işləyir.
Hibrid qurğunun ümumi gücü 1000 at qüvvəsini ustələyir. Bu güc batareyaların tam dolu olduğu halda əlçatandır. Hiperkar 200 km/saat həddinə altı saniyədən az müddətə sürətlənir. 100 km/saata sürətlənmə rəqəmi açıqlanmasa da, bu rəqəmin 2,5 saniyəyə bərabər olacağını təxmin etmək olar. Mercedes-AMG Project One hiprkarının maksimal sürəti 350 km/saatın üzərindədir.
Xatırladaq ki, 1500 at qüvvəli Bugatti Chiron 200km/saat sürətini 6,5 saniyəyə toplayır və 420 km/saat maksimal sürətə malikdir.
Avtomobil F1 bolidi kimi karbon monokokun ətrafında inşa edilmişdir. Mühərrik və ötürmələr qutusu da aparıcı funksiyanı həyata keçirir – asqı sisteminin qolları onların karterinə bərkidilmişdir. Asqı özü də Formula 1 bolidlərinə xas olan ənənəvi quruluşa malikdir – amortizatorlar gövdəyə bərkidilib və təkanverici ştanqları olan asqı qolları ilə birləşdirilir. Lakin, fərqlər də mövcuddur – asqı qolları karbondan deyil alüminiumdan hazırlanıb, torsionalr əvəzinə isə adi yaylardan istifadə edilib.
Hiperkarın əyləc mexanizmləri karbon-saxsıdandır . Söndürülə bilən stabilizasiya sistemi də vardır. Avtomobilin dizaynı maksimal aerodinamik effektivliyi və yüngül çəkini təmin etməyə hesablanıb. Hətta, kuzovun üzərindəki emblemlər də həqiqi deyil - onlar çəkilmişdirlər. Bundan əlavə, yüksək sürətlərdə hərəkət edən aerodinamik elementlər də mövcuddur - ön splitter qabağa çıxır və ön təkər tağlarındakı çəpərçiklər açılır. Qeyri-rəsmi məlumata görə kupenin ağırlığı 1300 kiloqramdır.
Hiperkarın salonunda karbon hökmüranlıq edir – sürücü və sərnişinin zamşa ilə örtülmüş oturacaqları belə karbondan hazırlanmışdır. Optmal oturuşu təmin etmək üçün sükan qolunu və pedal qovşağını tənzimləmək gərəkdir. Avtomobilin sükanı da Formula 1 bolidlərinin sükanını xatırladır -işıq taxometri və idarəetmə elektronikasının tənzimləmə düymələri ilə yanaşı, sükan çarxı təhlükəsizlik yastığı və multimedia sistemini idarə etməyə yardım edən sensor panellərlə təchiz edilib. Sürücünün önündə iki 10-düymlük displey vardır, daha bir displey isə tavanda ənənəvi salon güzgüsünün olduğu yerdə quraşdırılıb.
Bu dislpeyə arxa kameradan alınan görüntülər ötürülür. Komfort elementlərində isə, elektrik şüşəqaldırıcılar və kondisioner mövcuddur.
Hiperkarın istehsalına 2019-cu ildə başlanacaqdır. O zamana qədər avtomobil il yarımlıq sınaqlardan keçməlidir. Cəmi 275 ədəd hiperkar buraxılacaqdır ki, onların hər biri də 2,7 milyon avroya satılacaqdır. Müqayisə üçün Bugatti Chiron hiperkarı 500 nüsxədə buraxılacaq və 300 min avro ucuz olacaqdır. Bugatti modellərinin üçdə biri satılsa da, Mercedes hiperkarları artıq sahiblərini tapıblar.