Fransada sahibsiz avtomobil kolleksiyası aşkar edilib. 81 avtomobildən ibarət olan kolleksiyadakı modellər arasında nadir rastlanan Lamborghini Miura P400 və Jaguar E-Type modelinin birinci nəsli də vardır.Bütün avtomobillər hərracda satılacaqdırlar.
Kolleksiyanın əksər hissəsini 1960-cı və 1970-ci illərdə buraxılmış avtomobillər təşkil edir. Lakin, kolleksiyada XX əsrin əvvəllərində istehsal edilmiş avtomobillər də vardır. Buna misal olaraq, fransız Rolland-Pilain markasının 1905-ci ildə buraxdığı kabrioletini göstərmək olar.
Anbarda olan 1968-ci ilin Lamborghini Miura P400 modeli 3,9-litrlik 12 silindrli original mühərrikini qoruyub-saxlayıb. Avtomobilin odometrində 77886 kilometrlik göstərici vardır. Sportkarın satışından 400-600 min avro arasında vəsait əldə etmək planlaşdırılır. Jaguar E-Type kupesi isə çox pis vəziyyətdə olduğundan, kupenin 40-60 min avroya satılacağını proqnozlaşdırırlar.
Digər avtomobillər arasında nadir tapılan 1953-cü ilin Porsche 356 modeli, 1981-ci ilin Corvette modeli, bir neçə Lancia Familia və Lincoln Continental, həmçinin 1930-cu illərin qeyr-adi Citroen furqonu da mövcuddur. Kolleksiyaya Audi,Volkswagen, Peugeot, Oldsmobile, Alfa Romeo, Renault, Chrysler və Cadillac avtomobilləri də daxildir. Hərracda anbarda tapılmış ehtiyat hissələri, mühərriklər, ötürmələr qutuları və təkərlər də satılacaqdır.