Osloda (Norveç) fəaliyyət göstərən Fresco Motors startapı haqqında ilk məlumat 2019-cu ildə peyda olub. Yeni startap Reverie adlı elektrik sedanını buraxacağını vəd etmişdi. Norveçlilər elektrik sedanının güclü mühərriklər və dördpilləli “avtomat” ilə təchiz ediləcəyini, habelə elektrokarın 100 km/saat həddini iki saniyəyə toplayacağını və 300 km/saata qədər sürətlənəcəyini bildirmişdilər.

Lakin keçən iki il ərzində Fresco şirkəti barədə heç bir məlumat peyda olmadı və yalnız indi Norveç startapı həyatda olduğunu xatırlatmaq qərarına gəlib. Şirkətin banisi və rəhbəri Espen Kvalvik şirkətin planlarına pandemiyanın maneçilik törətdiyini, lakin hər şeyin irəlidə olduğunu bildirib. Bu dəfə Norveç şirkəti Fresco XL adlı layihəni təqdim edib.

Fresco XL modelinin Reverie elektrik sedanı ilə heç bir əlaqəsi yoxdur. Bu dəfə Kvalvikin komandası demək olar ki, təkhəcmi kuzovu və minimalistik dizaynı olan liftbeki yaratmaq fikrindədirlər.

Qabaritləri müəyyən edilməsə də, adından göründüyü kimi, XL iri ölçülü elektromobil olmalıdır: onun salonu səkkiz nəfərə hesablanıb, oturacaqlardan isə yataq yerləri təşkil etmək mümkündür. Buna baxmayaraq, norveçlilər interyerin renderlərini belə hazırlamayıblar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Fresco şirkətinin planlarına görə, XL modeli iki elektrik mühərrikinə (hər oxda biri), tam ötürməyə və cərəyan yükləmədən 1000 kilometr qət etməyə imkan verəcək iri batareyaya sahib olmalıdır.

Avtomobilin yaradılmasına çəkiləcək xərcləri azaltmaq məqsədi ilə, elektromobilin “içalatını” “məşhur tədarükçülərdən” almaq nəzərdə tutulur. Fresco XL modelinə sifarişlər artıq qəbul edilir, lakin layihənin reallaşdırılması müddəti açıqlanmayıb. Espen Kvalvik hələlik investor axtarışındadır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.