BMW X5 M "qaynar" krossoverinin adi bir avtomobil olduğunu iddia etmək mümkün deyil. 575 at qüvvəli səkkizsilindirli turbomühərriklə hərəkətə gələn avtomobilin dinamik xüsusiyyətlərinə bəzi sportkarlar belə həsəd apara bilər. Bununla belə, G-Power tüninq atelyesinin mütəxəssisləri 4,4-litrlik mühərrikin bundan da artığına qadir olduğuna inanırlar.
Alman tünerlər keçən ilin noyabrında X5 M modelinin mühərrikinin gücünü 700 at qüvvəsinə qədər artıran tüninq proqramını təklif etmişdirlər. Bu günlərdə atelye mütəxəssisləri səkkiz silindirli mühərrikin gücünü 750 at qüvvəsinə, fırlanma anını isə 980 Nm-ə yüksəldəcək yeni tüninq proqramını təklif ediblər.
Beləliklə, siz bu proqramı sifariş etməklə əlavə 175 at qüvvəsi və 230 Nm fırlanma anı əldə etmiş olursunuz.
Çəkisi 2350 kiloqram və maksimal sürəti 300 km/saatın üstündə olan bu krossoverə sahib olmaq üçün 4400 avro ödəmək və stage 3 dəstini əldə etmək kifayətdir. Maksimal sürəti məhdudlaşdıran elektron "boyunduruğun" çıxardılması isə, sizə 668 avroya başa gələcəkdir.

Mühərrikin gücünün artırılmasına yenilənmiş proqram təminatının, daha güclü turbinaların və çəkiyə 23 kiloqram qənaət etməyə imkan verən titandan hazırlanmış buraxılış sistemi sayəsində nail olunmuşdur.
Əlbəttə ki, belə möhtəşəm gücə malik olan avtomobil müvafiq əyləc sisteminə və xarici görünüşə ehtiyacı vardır.
Əlavə olaraq, 23-düymlük təkər disklərinə - 8442 avro, yeni asqı sisteminə - 2292 avro, titandan hazırlanmış və xüsusi katalizatorlarla təchiz edilmiş buraxılış sistenminə isə 3190 avro ödəməklə siz arzuladığınız görkəmə malik olan avtomobili əldə edə bilərsiniz.