GAC konserninə məxsus olan Aion brendi Çinin Quançjou şəhərində keçirilən avtosalonda dolu batareya ilə 1000 kilometrdən çox məsafə qət edə bilən LX Plus elektrik krossoverini göstərib.

Yeni krossover, mənfi elektrodun aktiv materialı kimi məsaməli silisiumun çıxış etdiyi qeyri-adi batareya ilə təchiz olunur. İstehsalçının bildirdiyinə görə, patentləşdirilmiş yeni texnologiya bir sıra üstünlüklərə malikdir - sıxlığın və xüsusi gücün artırılmasından tutmuş, çəkinin azaldılmasına və aşağı temperaturdakı xüsusiyyətlərin yaxşılaşdırılmasına qədər.

"Süngər silikonu" istifadə edilən batareya Aion LX Plus modelinin başlıca xüsusiyyətidir. Məsaməli quruluş sayəsində material daha az aşınır və deformasiyaya uğrayır, daha çox doldurulma dövrünə tab gətirir və məlum məsələdir ki, xüsusi tutumun yüksək dəyərlərini təmin edir. Sonuncu rəqəm bir kiloqrama 205 vatt-saat (adi LX modelində - 180 vatt-saat) təşkil edir.

Gələcəkdə bu rəqəmin 280-ə qədər arta biləcəyi söylənilir. GAC həmçinin belə bir batareyada hüceyrələrin həcminin 20%, onun çəkisinin isə 14% az olduğunu qeyd edir. Lakin ən təəccüblü şey elektrokarın yürüş ehtiyatıdır: LX Plus modeli CLTC dövrünə əsasən 1008 kilometr qət edə bilər.

Belə yürüş məsafəsini təmin etmək üçün, krossoveri 144,4 kilovat-saatlıq batareya ilə təchiz ediblər. Krossover həmçinin ümumi gücü 734 at qüvvəsi olan iki elektrik mühərrikinə malikdir və 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir.

Aion LX Plus modelinin 300 dərəcəlik baxış bucağı olan üç RoboSense lidarı, səkkiznüvəli Qualcomm Snapdragon SA8155 prosessoru və 15,6-düymlük ekranı olan multimedia, tamamlanmış reallıqlı naviqasiya sistemi və on dinamikli Alpine səs sistemi ilə təchiz edildiyi bildirilir. İnteryer tərtibatında Nappa dərisindən istifadə olunur.

Çində Aion LX Plus modelinin satışlarına gələn ilin əvvəlində başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb. Xatırladaq ki, yeni krossoverin Plus indeksi olmayan sələfinin qiyməti 229.600 (61.150 manat) yuandan başlayır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.