Üç il bundan öncə debüt etmiş Trumpchi GA8 sedanı GAC konserninin modelləri arasında ən nüfuzlu və bahalı avtomobil sayılır. Sedan FIAT şirkətindən alınmış platformada inşa edilib. Bu platforma vaxtı ilə Alfa Romeo 166 və Lancia Thesis modellərinin əsasını təşkil edib. Lakin, restaylinqdən əvvəlki sedan zəif satışlara malik idi. Məsələn, keçən il Çin bazarı kimi iri bir bazarda cəmi 4115 Trumpchi GA8 modeli satılıb.
Görünən odur ki, GAC şirkəti təslim olmaq niyyətində deyil və sedanın yenilənmiş versiyasını təqdim edib. Qeyd etmək lazımdır ki, avtomobilin dizaynı radikal dəyişikliklərə məruz qalıb. Əvvəlki avtomobildən qalan yalnız damdır, qalan panellər isə tamamilə yenidir. Yenilənmədən sonra beş metrlik sedanın uzunluğu demək olar ki dəyişməyib, amma eni 42 mm azalaraq 1868 mm təşkil edib. Azalma təkcə avtomobilin enində olmayıb – təkər bazası da 7 mm qısaldılıb və 2900 mm bərabər olub. Buna səbəb ikiqollu ön və çoxqollu arxa asqının təftişi olub.
GA8 modelinin salonu isə tamamilə yenidir. Ön panelin ənənəvi quruluşu əvəzinə GAC dəbdə olan konsepsiyadan istifadə edib – cihazlar panelinin və multimedia sisteminin displeyləri vahid şüşənin altında cəmləşiblər. “Avtomatın” coystiki də son dəbə uyğun olaraq qeydə alınmayandır. Opsiyalar siyahısında üçzonalı klimat-kontrol, dairəvi görüntü kameraları, panoram tavan, adaptiv kruiz-kontrol və digər avadanlıqlar mövcuddur.
Avtomobilin baza mühərriki sayılan 188 at qüvvəli 1,8-litrlik turbomühərrik istefaya göndərilib. 2,0-litrlik turbomühərrikin gücü isə 197-dən 252 at qüvvəsinə, fırlanma anı isə 300-dən 390 Nm-ə qədər artırılıb. Nəhayət, 6-pilləli “avtomat” yerini 8-pilləliyə verib. Çin bazarında yenilənmiş GAC Trumpchi GA8 modeli 2020-ci ilin əvvəlində satılmağa başlayacaqdır.