Bu gün, Çində yeni GAC Trumpci GS4 Plus modelinin satışlarına start verilib. Beş təchizat səviyyəsində təklif edilən krossover daxili bazarda 126.800-149.800 yuan (33.300-39.300 manat) aralığında qiymətlər ilə satılır.
Artıq xəbər verdiyimiz kimi, yeni GS4 Plus orta ölçülü GAC Trumpchi GS5 krossoverinin yenilənmiş variantıdır. Yenilənmə geniş miqyaslı xarakter daşımasa da, modelin "rütbəsi aşağı salınıb": yəni, GS4 Plus krossoverini rəsmi olaraq sonuncu GS4 modelinin "böyüdülmüş" versiyası kimi səciyyələndirmək olar. Qeyd etmək lazımdır ki, bu modellər fərqli platformalarda inşa ediliblər.
Krossoverin “üzü” dəyişdirilib və indi model radiator barmaqlığının fərqli dizaynı olan iki versiyada təklif olunur: "şəlalə" və "ulduzlu". Mütəxəssislər bu tərtibatların qartal qanadlarının iki fərqli vəziyyətinin simvolu olduğunu bildirilər. Çox qəribədir ki, arxa fənərlər son dövrlərdə Çində dəbdə olan işıqlanan zolaq ilə birləşdirilməyiblər.
Yeni bamperlər sayəsində krossoverin uzunluğu 15 millimetr (4710 millimetr) artsa da, eni (1885 millimetr) və hündürlüyü (1726 millimetr) əvvəlki kimi qalır. Təkər bazasının genişliyi isə 2710 millimetrdir.
İnteryerdə baş vermiş dəyişikliklər elə də çox deyil. Transmissiyanın selektoru (indi qeydə alınmayandır) dəyişdirilib, sükan çarxında yeni düymələr peyda olub, 12,3-düymlük virtual cihazlar panelinin dizaynı yenidən işlənib, multimedia sisteminin ekranının ölçüsü isə 8,0-dən 10,1 düymə qədər artırılıb. İki rəngli tərtibatı da sifariş etmək mümkündür.
Bundan başqa, Trumpchi GS4 Plus modeli genişləndirilmiş onlayn imkanları ilə seçilən yeni nəsil ADiGO 4.0 media sisteminə sahib olan ilk GAC modelidir.
Maraqlıdır ki, “rütbəsinin aşağı salınmasına” baxmayaraq krossover daha güclü mühərriki əldə edib. GAC Trumpchi GS4 Plus modeli daha iri GS8 ofrouderindən tanış olan 252 at qüvvəsi və 390 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərriklə təklif olunur.
Əvvəlki 169 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik də mühərrik çeşidindəki yerini qoruyub. Hər iki mühərrik altı pilləli klassik Aisin “avtomatı” ilə tandemdə çalışır. Ötürmə - ön oxadır. Ən güclü versiya 100 km/saat həddinə 7,3 saniyəyə sürətlənir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.