GAC Trumpchi GM8 böyük biznesveni 2017-ci ildə debüt edib. Çin bazarında yerli iş adamları arasında dəbdəbəli minivenlər xüsusi tələbata malik olmasına baxmayaraq, çin miniveni vətənində o qədər də uğurlu olmayıb.
Məsələn, keçən il GM8 modeli cəmi 23 min nüsxədə satılsa da, Buick GL8 ailəsi 148 min, Honda Odyssey/Elysionun cütlüyünyn ortaq nəticəsi isə 76 min avtomobil olub. Lakin, GAC ruhdan düşmək fikrində deyil və rəqibləri ilə kəllə-kəlləyə gəlməyə hazırdır. Çinlilər keçən il minivenin təcili modernləşdirilməsini həyata keçiriblər, indi isə minivenin Trumpchi GM8 Master Edition adlı top variantını təqdim edirlər.
Dəbdəbəli miniven sadə variantlardan, nəhəng radiator barmaqlığı və “iti dişləri” olan ön bamperi ilə fərqlənir. Çox güman ki, miniveni yeniləyən zaman çinlilərin bir gözü açıq Lexus LM minivenində olub.
Bənzər “iti dişləri” arxa bamperdə də peyda olublar. Bundan başqa, miniven 18-düymlük təkər diskləri və qapı kandarlarındakı lövhələri əldə edib. Salondakı əsas yeniliklər ikinci cərgədədir: fərdi kreslolar əvvəllər də elektriklə tənzimlənirdilər, Master Edition versiyasında isə, qızdırılma, havalandırma və masaj funksiyalarına da sahib olublar. Bundan əlavə, bütün oturacaqlar əsl dəri ilə üzlənirlər. Qapıdakı işləmələr isə almazşəkilli tikişə malikdirlər.
Keçən il GAC Trumpchi GM8 modeli 252 at qüvvəli 2,0-litrlik turbomühərriki və 8-pilləli “avtomatı” əldə edib. Eyni güc qurğusu Master Edition versiyası üçün də təklif olunur. Minivenin qiyməti hələ açıqlanmayıb. Adi Trumpchi GM8 modelinin qiyməti 25 - 37 min dollar arasında dəyişir.