Toyota C-HR modeli azərbaycanlı alıcılarn qəlbini fəth edə bilməsə də, avropalı və yaponiyalılara özünü sevdirməyi bacarıb. Bu sevgini daha da gücləndirmək üçün, Toyota şirkətinin idman bölməsi olan Gazoo Racing yığcam C-HR krossoverinin GR Sport adlı xüsusi versiyasını hazırlayıb. Xüsusi versiya adi krossoverlərdən orijinal ön bamperi, 19-düymlük təkər diskləri, idman profilinə malik olan oturacaqları və dekor elementləri ilə seçilir.
Gazoo Racing bölməsinin hazırladığı kuzov dəstinin tərkibinə düzbucaqlı hava girişləri və quraşdırılmış duman əleyhinə fənərləri olan ön bamper, daha aqressiv arxa bamperə və gümüşü rəngli əyləc supportları və 225/45 R19 şinləri olan 19-düymlük təkər diskləri daxildir.
Texniki cəhətdən Toyota C-HR GR Sport modeli yenidən tənzimlənmiş yayları olan sərt asqı sistemi və amortizatorları, gücləndirilmiş altlığı, yeni köndələn dayanıqlılıq stabilizatorları və yenidən tənzimlənmiş sükan gücləndiricisi ilə seçilir. Krossoverin güc aqreqatları dəyişilməz qalıb.