Çinin Geely şirkəti qeyri-rəsmi məlumatlara görə, Boyue modelini (bizim bazarda o, Atlas kimi tanınır) əvəz edəcək yeni FX11 krossoverinin xarici görünüşünü açıqlayıb. FX11 krossoverinin Boyue/Atlas modelini əvəz edəcəyi güman olunur.
Lakin Geely şirkətinin yeni modeli necə mövqeləndirəcəyi hələlik aydın deyil. Bununla belə, yeni krossoverin Geely və Volvo şirkətlərinin birgə məhsulu olan CMA (Compact Modular Architecture) platformasına əsaslandığı məlumdur.Bu platformadan Geely Xingyue / Tugella və Xingyue L / Monjaro, əksər Lynk & Co avtomobillərinin, həmçinin Volvo XC40 və Polestar 2 modellərinin istehsalında istifadə olunur.
Vizual olaraq, FX11 xarakterik qırıq xətləri və iti küncləri olan Expanding Cosmos (“Genişlənən Kosmos”) korporativ üslubunda hazırlanmış Geely Vision Starburst konseptinə çox bənzəyir.
Kapotun altında təkrar doldurulan Thor hibrid güc qurğusu yerləşir. Hibrid güc qurğusunun tərkibinə 1,5-litrlik turbomühərrik, mühərrik-generator, elektrik mühərriki və üçpilləli DHT Pro ötürmələr qutusu daxildir. Geely Xingyue L modelində quraşdırılan Thor güc qurğusu 245 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edir.
Hazırkı Boyue/Atlas modeli 2016-cı ildən bəri istehsal olunur. Bu müddət ərzində krossover iki yeniləmədən və bir dərin modernləşmədən keçib, nəticədə Atlas Pro modeli meydana çıxıb. Çində model iki versiyada satılır: standart və X formalı ön hissəsi olan Boyue X. Bazarda təqdim olunduğu gündən bəri krossover bir milyondan çox nüsxədə satılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.