Bu günə qədər Geely markasının yerli nümayəndəsi Rich Motors şirkəti alıcılarına yalnız bir modeli - Coolray krossoverini təklif edirdi. Artıq yerli dilerin təklif etdiyi model çeşidinə Atlas Pro krossoveri də daxil olub. Dünən Geely markasının yerli nümayəndəsi yeni krossover ilə yanaşı, yeni satış-servis mərkəzini də təqdim edib. Qeyd etmək lazımdır ki, Çin markasının model xətti daha zəngindir və ümid edirik ki, tezliklə yerli bazarda təklif edilən modellərin sayı artacaqdır.
Bu gün söhbət edəcəyimiz Geely Atlas Pro modeli vətənində Bo Yue Pro adı ilə məşhurdur. Krossoverin görkəmi “Tullanan pişik” adlandırılan firma dizayn üslubundadır. Bu üslubun tanınan elementləridən biri “Genişlənən Kosmos” adlanan iri radiator barmaqlığı, çıxıntılı kapot və top versiyanın standart təchizata daxil olan intellektual ön LED fənərlərdir. Arxa tərəfdə üçölçülü naxışa malik olan işıq texnikası və kandarı aşağı salınmış beşinci qapı diqqəti çəkir.
Krossoverin interyer tərtibatı da müasir üslubdadır: burada 7,0-düymlük virtual cihazlar panelini, multimedia sisteminin 12,3-düymlük sensorlu ekranını görmək olar. Avtomatik transmissiyanın selektoru da son dəbə uyğun olaraq qeydə alınmayandır. Transmissiyanın selektorundan aşağıda hərəkət rejimlərini dəyişdirən şayba yerləşdir. İkimərtəbəli mərkəzi konsolun “zirzəmisində” smartfonların simsiz doldurulması üçün meydança mövcuddur.
Sükan çarxı da kiçik ölçüsü ilə seçilir. Qeyd etmək gərəkdir ki, Atlas Pro son nəsil multimedia sistemi ilə təchiz edilir. Multimedia sistemi genişləndirilmiş funksionala malikdir: sistem yalnız smartfonlar ilə deyil, həm də “ağıllı” saatlarla da işləyə bilir. Sensorlu panel toxunuşlara sürətli reaksiyası ilə fərqlənir. Bu displeydə avtomobilə yuxarıdan da “baxmaq” imkanı var - dairəvi müşahidə kameralarında alınan görüntülər multimedia sisteminin ekranına ötürülür.
Geely Atlas Pro modelinin qabarit uzunluğu 4544 millimetr, eni - 1831 millimetr, hündürlüyü isə 1713 millimetrdir. Təkər bazasının ölçüsü 2670 milimetr təşkil edir. Krossoverin klirensi 171 millimetrdir. Atlas Pro modeli öndə McPherson dayağı, arxada isə çoxqollu asqı ilə təchiz edilir. Əyləc mexanizmləri - öndə havalandırmalı, arxada isə adi disklərdir. Təchizat səviyyəsindən asılı olaraq, krossover 17 və ya 18 düymlük təkər diskləri ilə təklif edilir.
Atlas Pro modelinin kapotunun altında 177 at qüvvəsi və 295 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik yerləşir. Bu mühərrik Geely konserninin tərkibinə daxil olan Volvo Cars şirkəti ilə əmədaşlıqda hazırlanıb. Krossoverin top versiyası “mülayim” hibrid güc qurğusu ilə təklif edilir. Hibrid qurğunun tərkibinə yuxarıda göstərilən 1,5-litrlik turbomühərrik və 50 Nm fırlanma anı hasil edən 48-voltluq startyor-generator daxildir. Hibrid qurğunun ümumi hasilatı 177 at qüvvəsi və 300 Nm fırlanma anı təşkil edir.
Hibrid əlavəsi olmayan krossoverlər 6-pilləli “avtomat” ilə təklif edilirlər. “Mülayim” hibridlər isə, 7-pilləli DCT “robotuna” və tam ötürmə sisteminə malikdirlər. Sırf benzin mühərriki ilə hərəkətə gələn ön ötürməli krossoverlər 100 km/saat həddini 10.5 saniyəyə toplayırlar. Tam ötürməli hibrid versiya isə, bu işə 0,5 saniyə daha az vaxt sərf edir.
Azərbaycan bazarında satılan Geely Atlas Pro modeli üç təchizat səviyyəsində təklif edilir: GS, GC və GF. Sonuncu ən bahalı və zəngin təchizatlı versiyadır. Ən ucuz versiya sayılan GS modifikasiyası 39.900 manata, GC versiyası - 43.900 manata, ən bahalı GF versiyası isə 48.900 manata satılır.
Atlas Pro modelinin təchizatı barədə uzun-uzadı yazmaq fikrindən uzağıq. Əgər avtomobli sizi maraqlandırırsa, modifikasiyalar ilə yaxından tanış olmaq üçün buraya daxil olmanız kifayətdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.