Geely Emgrand GS kross-hetçbeki 2016-cı ildə debüt edib və bu müddət ərizndə bir neçə yeniləmədən keçib. Buna baxmayaraq, Çin şirkəti növbəti və ən geniş miqyaslı yeniləməni həyata keçirib. Eyni zamanda, modelin bazarda tutduğu mövqeyə yenidən baxılıb. Bundan sonra, model Geely Emgrand S adlanacaqdır. Onun adındakı S indeksi isə Sexy, Smart və Surprise kimi açıqlanır. “Krossoverlikdən” də uzaqlaşmağa qərar verilib.
Eksteryerdəki dəyişikliklər cüzi görünür, amma əslində geniş miqyasda iş aparılıb. Burada yeni olan yalnız radiator barmaqlığı (əvvəlki konsentrik naxış əvəzinə şaquli çubuqlarla) deyil, həm də fənərlər, bamperlər, kapot və hətta kuzovun yan panelləridir. Daha yaxından baxsanız qapı tutacaqları ilə eyni səviyyədə, əvvəl tətbiq edilməyən uzunlamasına ştamplama peyda olub. Nəhayət, zolaqla birləşdirilmiş yeni arxa fənərlər quraşdırılıb.
Modelin istehsalının başlanmasından bu günə qədər, ilk dəfədir ki, dizaynerlər interyeri ciddi şəkildə dəyişdirməyə qərar veriblər. Media sisteminin ekranı artıq ön panelə quraşdırılmayıb, əksinə onun üzərində yerləşdirrilib, klimat-kontrolun idarəetmə bloku ciddi dərəcədə kiçildilib (bəzi funksiyalar sesnsorlu ekrana köçürülüb), sadələşdirilmiş mərkəzi tunel və transmissiyanın başqa selektoru peyda olub. Virtual cihazlar panelinin qrafikası da dəyişdirilib.
Texniki cəhətdən dəyişiklik yoxdur. Geely Emgrand S hetçbeki yalnız 141 at qüvvəli 1,4-litrlik dördsilindrli turbomühərrik bəyan edilib. Güc aqreqatı variator və ya altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz olunur. Xatırladaq ki, Emgrand GS modelinin arsenalında preselektiv "robot" ilə tandemdə çalışan Volvo Drive-E ailəsindən olan 177 at qüvvəli 1,5-litrlik turbomühərriki də mövcuddur. Çox güman ki, bu aqreqat sonradan yenilənmiş modelin mühərrik çeşidinə daxil ediləcəkdir. Ötürmə - yalnız ön oxadır.
Geely Emgrand S modelinin, Çində 11 min dollara satılan əvvəlki beşqapılıdan bir qədər ucuz olacağı gözlənilir. Yenilənmiş modelin daxili bazardakı satışlarına aprel ayının sonunda başlanmalıdır. Emgrand S modelinin digər bazarlardakı satış debütü barədə məlumat sonra veriləcəkdir.