Geely şirkəti Galaxy M8 krossoverinin rəsmi fotolarını yayımlayıb. Yeni model ayrıca avtomobil kimi təqdim edilsə də, əslində üçsıralı və altıyerli Galaxy M9-un beşyerli modifikasiyasıdır. Onun Çin bazarında satışlarına bu ilin sonunadək başlanması gözlənilir.
Galaxy M8-in xarici görünüşü M9-dan əsasən ön hissənin dizaynı ilə fərqlənir. Yeni bamperdə şaquli işıq elementləri, fərqli təkər diskləri və ikirəngli kuzov boyası nəzərdə tutulub. Ön şüşənin üstündə isə sürücüyə yardım sistemləri üçün lidar sensoru yerləşdirilib.
Avtomobilin ölçüləri Galaxy M9 ilə eynidir: uzunluğu 5205, eni 1999, hündürlüyü 1800 millimetr, təkər bazası isə 3030 millimetrdir. Krossover 20 düymlük disklərlə təchiz olunur.
Salonda üçüncü oturacaq sırasının olmaması ilə yanaşı, multimedia sisteminin ənənəvi sensor ekranı da diqqəti cəlb edir. Ön paneldə nazik cihazlar paneli, üçmilli sükan və transmissiyanın idarəetmə qolu saxlanılıb.
İkinci sıra sərnişinləri üçün ayrıca ekran və tavana quraşdırılmış monitor, həmçinin qızdırma və soyutma funksiyalı mərkəzi saxlanc bölməsi nəzərdə tutulub.
Galaxy M8 qoşulan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Sistemin əsasını 163 at gücünə və 255 Nm fırlanma anına malik 1,5-litrlik turbomühərrik təşkil edir. Elektrik mühərriklərinin göstəriciləri hələlik açıqlanmayıb.
2620 kiloqramlıq avtomobilin maksimal sürəti 210 km/saatdır. Tutumu 53,42 kVt/saat olan batareya WLTC dövrünə əsasən 231 kilometrədək elektrik yürüşü təmin edir.
Geely Galaxy M8-in qiymətləri elan edilməyib. Müqayisə üçün, daha böyük Galaxy M9 Çin bazarında 183 800–269 800 yuan (təxminən 27 600–40 500 dollar) qiymət aralığında təklif olunur.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









