Geely şirkəti gənclərə ünvanlanmış idman sedanının xarici görünüşünü nümayiş etdirib. Çin markasının yeni sedanı Binrui Cool adlanır və CMA platformasında inşa edilib.
Cool xüsusi versiyasının eksteryer dizaynına yenidən baxılıb: avtomobilin bamperləri, radiator barmaqlığı, kapotu, optikası, buraxılış sistemi dəyişdirilib, baqaj qapağında isə sanballı spoyler peyda olub. İdman sedanının texniki hissəsi barədə məlumat verilməyib.
Geely Binrui sedanı Çin markasının büdcə modeli sayılır. Modeli sonuncu dəfə 2020-ci ildə yenilənib. Səma İmperatorluğunda bu model gənclər üçün avtomobil imicinə malikdir. Görünən odur ki, Binrui modelinin cəlbediciliyi daha da artacaqdır, çünki Coll versiyası adına uyğun olan görünüşə malikdir.
İri hava girişləri və narıncı işləmələri olan aqressiv ön bamper, “formula” üslubunda stop-siqnalı olan diffuzor, “karbondan” antiqanad, yan ətəklərdəki qanadcıqlar, tutqun boya, yeni LED işıq texnikası Binrui Cool modelinə idman görünüşünü bəxş edir.
Texniki hissıə barədə mülahizə yürütmək çətindir: Geely 17-düymlük təkər disklərini və kiçik əyləcləri saxlayıb, digər tərəfdən yerli şinlərin əvəzinə Continental şinləri quraşdırılıb. Binrui modeli standart olaraq 141 at qüvvəsi və 235 Nm fırlanma anı hasil edən 1,4-litrlik turbomühərrik ilə təchiz edilir. Sedanın bahalı versiyalarında variator quraşdırılır.
Turbomühərrik və 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş Geely Binrui modeli Çində 79.800 yuandan ( 21.460 manat) başlayan qiymətlərlə satılır, lakin Cool versiyası daha baha olmalıdır. Oriyentir kimi Binrui F-Ultimate top versiyasını götürmək olar - top sedan üçün 109.800 yuan (29.530 manat) istənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.