Çində yeddi nəfərlik Geely Okavango krossoverinin yenilənmiş versiyasının təqdimatı keçirilib. Öz vətənində Haoyue L adlanan krossover beş ilə əvvəl işıq üzü görüb. İndi isə, krossover növbəti yenilənmədən keçib və yenidən işlənmiş eksteryer dizaynına, təkmilləşdirilmiş elektronika və yenidən nəzərdən keçirilmiş mühərrik çeşidinə malik olub.
Eksteryerdəki dəyişikliklər əsasən ön tərəfdədir. Çinli Okavango həndəsi naxışlı şaquli zolaqları və qara haşiyəsi olan bir qədər kiçildilmiş radiator barmaqlığını alıb. Ön bamperdə böyüdülmüş hava girişləri var. Yeni dayaq sayəsində avtomobilin uzunluğunu 5 millimetr artaraq 4865 millimetrə çatıb. Yan və arxa tərəflər dəyişməz olaraq qalır. Dörd kuzov rəngi əlçatandır. 19-düymlük təkər diskləri standart təchizata daxildirlər, lakin daha yüksək səviyyəli versiyalar üçün yeni dizaynlı 20-düymlük təkər diskləri təklif olunurlar.
İnteryerdə günəşliyi olan 10,2-düymlük cihazlar paneli saxlanılıb, lakin 14,6-düymlük ekranı və qabaqcıl səsli köməkçisi olan yeni Flyme Auto media sistemi də əlçatandır. Digər yenilik - genişləndirilmiş elektron köməkçilər dəsti və 2-ci səviyyəli avtopilotu olan adaptiv kruiz-kontroldur. Lakin bu sistem yalnız ən yüksək səviyyəli modelin imtiyazıdır. Yüksək keyfiyyətli materiallar və iki rəngli (qəhvəyi və ya boz) tərtibat variantı da vəd edilib.
Oturacaqların düzülüş variantları yenidən nəzərdən keçirilib və artıq üç seçim mövcuddur. Baza Geely Haoyue L krossoveri beş nəfərlik, daha bahalı versiyalar isə, altı nəfərlik salona malikdirlər. İkinci sırada üç fərdi oturacağı olan yeddi nəfərlik düzülüş artıq opsiyadır. Arxa cərgələrin hər ikisinin qatlanması halında baqajın tutumu 2050 litrə qədər artır.
Əvvəllər bütün Geely Haoyue L modelləri, ixrac edilən Okavango krossoveri kimi, alternativsiz 2,0-litrlik turbomühərrik (218 at qüvvəsi, 325 Nm) ilə təchiz olunurdular. İndi isə, çeşidə kiçik variant da əlavə edilib: 181 at qüvvəsi və 290 Nm hasil edən 1,5-litrlik turbomühərrik. Böyük mühərrik kimi, o da yeddi pilləli preselektiv “robot” ilə tandemdə çalışır və ön təkər ötürməyə malikdir.
1615 kiloqram çəkisi olan krossoverin maksimal sürəti 185 km/saatdır. 2,0-litrlik mühərriki olan versiyası isə, 1710 kiloqram çəkiyə və 210 km/saat maksimal sürətə malikdir. Kiçik versiyaların 100 km/saata sürətlənmə müddəti hələlik açıqlanmayıb, lakin daha yüksək səviyyəli versiyalara 100 km/saatı toplamağa 7,9 saniyə gərəkdir.
Məlum məsələdir ki, çeşiddə daha sərfəli qiymətə təklif olunun 1,5-litrlik mühərrikli Geely Haoyue L krossoverinin əlavə edilməsi satışları artırmaq məqsədini daşıyır. Həqiqətən də, yenilənmiş Haoyue L krossoverinin qiyməti 100.000 yuandan (24.000 manat) başlayır. Restaylinqdən əvvəlki 2,0-litrlik modellərin qiyməti isə, 128.000 yuandan (30.800 manat) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









