Çinin Geely şirkəti Preface modelinin rəsmi şəkillərini dərc edib. Həm texniki, həm də zahiri cəhətdən yeni model Volvo şirkətinin modellərinə bənzəyir. Bu, heç də təəccüblü deyil, çünki yeni avtomobilin dizaynı üzərində Volvo şirkətinin sabiq dizayneri Piter Horberi işləyib. Eyni zamanda, Preface modeli isveç markasının CMA platformasında inşa edilib.
Geely biznes sedanı cari S60 modelindən bir qədər böyükdür: çin sedanının uzunluğu 4785 millimetr, eni - 1869 millimetr, hündürlüy - 1469 millimetr, təkər bazasının genişliyi 2800 millimetr təşkil edir. Konstruktiv cəhətdən yeni avtomobil Volvo XC40 və Geely FY11 krossoverlərinə daha yaxındır.
Şəkillərdəki Geely Preface modeli qırmızı əyləc supportları, 225/45 R18 ölçülü şinləri olan 18-düymlük təkər diskləri və bamperin kənarlarında yerləşdirilmiş oval formalı "idman" buraxılış sistemi ilə təchiz olunmuşdur. Bu, təsadüfi deyil, çünki ön mühərrikli və ön ötürməli arxitekturaya baxmayaraq, mühəndislər çəkinin oxlar arasında ideal şəkildə paylanacağını vəd edirlər. Avtomobilin çəkisi 1542 kiloqramdır.
Bu günə qədər rəsmi olaraq yeganə güc qurğusu təsdiqlənib. Bu, 190 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən 2,0-litrlik Volvo Drive-E mühərrikidir. Güc qurğusu Aisin firmasının 8-pilləli avtomatik transmissiyası ilə təchiz edilir. Tam ötürmə sistemi olmayacaqdır.
Geely şirkəti Preface modeli barədə ətraflı məlumatı sentyabr ayının 26-da Pekin avtosalonunda açıqlamağa söz verib. Yeni modelin Çin bazarındakı satışlarına bu ilin sonuna qədər başlanmalıdır. 2021-ci ildə avtomobil digər bazarlara ixrac edilə bilər.