Çinin Geely konserni kupeşəkilli XingYue krossoverinin satışlarına start verib. Bizim oxuculara bu avtomobil daha çox FY11 adı ilə tanışdır. İstehsalçı yeni modeli dünyada tamölçülü hibrid qurğusuna malik olan «ilk kupe-kross» adlandırıb.
Təklif edilən bütün güc qurğularını nəzərə alaraq, Geely XingYue modeli 11 versiyada bazara çıxıb. Krossover ənənəvi daxili yanacaq mühərrikləıri ilə yanaşı «yumşaq» hibrid və qoşulan hibrid qurğuları ilə də təklif edilir. Qeyd etmək lazımdır ki, Geely iki növ qoşulan hibrid təklif edir. İki modifikasiya arasındakı fərq əsasən batareyanın tutumundadır. Baza hibridi 11,3 kilovat-saatlıq batareya ilə təchiz olunur və elektrik ötürməsi ilə 56 km yürüş məsafəsini təmin edir.
15,2 kilovat-saatlıq batareya ilə təchiz edilən top hibrid isə, elektrik ötürməsi ilə 80 km qət edir. Hər iki hibrid modifikasiyanın güc qurğusu eynidir. Hibrid qurğu Volvo şirkətinin Drive-E ailəsindən olan 1,5-litrlik turbomühərrikinin əsasında yaradılıb. Bu mühərrik 258 at qüvvəsi və 415 Nm fırlanma anı hasil edir. Güc qurğusu 7-pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Kross-kupe 100 km/saat həddini 6,8 saniyəyə toplayır. Çinlilər hibrid krossoverin 100 kilometrə 1,2-litr yanacaq işlətdiyini (inanan daşa dönsün) iddia edirlər.
İlkin məlumatlara görə, hibrid modifikasiyalar Geely XingYue model xəttinin bayraqdarları olmalıdırlar. Bu səbəbdən də Geely şirkəti XingYue modelini Çində satış 200 min yuandan (50 min manat) başlayan qiymətlərlə təklif edir. Əlbəttə ki, yüksək qiymət eyni zamanda avtomobillərin zəngin təchizata malik olmasından da xəbər verir.