Orta ölçülü Geely Xingque L modeli hələlik Azərbaycan bazarında debüt etməyib, lakin bunun 2022-ci ildə baş tutacağına ümid edirik. Bu arada, Çində bu krossoverin daha bir modifikasiyası təqdim olunub – bu Xingyue L Hi-X hibrididir. Hibrid krossover yeni nəsil Leishen Power güc qurğusu ilə hərəkətə gəlir.
Leishen brendi keçən payızda təqdim edilib və bu marka hibrid və elektrik güc qurğuları üçün nəzərdə tutulub. Güc aqreqatlarının üzərindəki çalışmalar beş il davam edib və onların yaradılmasında 500 mühəndisdən ibarət olan beynəlxalq komanda çalışıb. Bu aqreqatlar Geele konserninə daxil olan müxtəlif markaların gələcək modelləri üçün nəzərdə tutulublar. İlk olaraq, konveyerə Hi-X hibridi gəlib çatıb və aqreqat Xingyue L krossoverinə qismət olub.
Geely Xingyue L Hi-X
Hi-X qurğusu birbaşa püskürtməsi və ötürməli kompressoru olan yeni 1,5-litrlik DHE15 üçsilindrli benzin turbomühərrikinə əsaslanır. Mühərrik Miller qənaət rejiminə əsasən işləyir və qeyri-adi 43,32 faizlik yüksək faydalı iş əmsalına (FİƏ) malikdir.
Qeyd etmək gərəkdir ki, Toyota və Hyundai markalarının hibrid sistemlərindəki mühərriklərin FİƏ 40 faiz, əksər müasir benzin mühərriklərində isə 37 faizdir. Yeni mühərrik 150 at qüvvəsi və 225 Nm fırlanma anı təklif edir.
Geely Xingyue L Hi-X
Bundan başqa, Hi-X sisteminin tərkibinə mühərrik-generator və elektrik mühərriki daxildir. Hibrid sistemin ardıcıl və paralel rejimlərdə işləməsi də nəzərdə tutulub. Ardıcıl rejimdə avtomobil elektrik ötürməsi ilə hərəkətə gəlir, daxili yanma mühərriki isə yalnız generator rejimində çalışaraq dartma batareyasını doldurur.
Sürətin artması ilə elektrik mühərrikinin səmərələliyi azalır və sistem paralel rejimə keçir – daxili yanma mühərriki mufta və azaldıcı reduktorun köməkliyi ilə aparıcı təkərlərə qoşulur. Əgər Mitsubishi və Honda hibridlərində reduktor birpilləli, Great Wall şirkətində isə ikipillədirsə, Geely şirkəti daha irəli gedib: DHT Pro transmissiyası üç pilləyə malikdir.
Geely Xingyue L Hi-X
Nəzəri cəhətdən bu qənaətcilliyi yaxşılaşdırmağa imkan verir, lakin digər tərəfdən, belə konstruksiya elektrik mühərriki quraşdırılmış standart ötürmələr qutusu olan adi hibridlərə bənzəyir. Geely Xingyue L Hi-X modelinin hibrid güc qurğusunun ən yüksək hasilatı 245 at qüvvəsi və 540 Nm fırlanma anı təşkil edir. Ötürmə hələlik yalnız ön oxadır.
Dartma batareyası haqqında məlumat verilməsə də, dolu batareyay və yanacaq çəkinə malik olan krossoverin 1300 kilometr məsafə qət edəcəyi bildirilir. Ortalama yanacaq sərfiyyatı 100 kilometrə 4,3 litrdir. Hibrid krossover 100 km/saat həddini 7,9 saniyəyə toplayır.
Hi-X seriyasına 2,0-litrlik DHE20 mühərriki və sadələşdirilmiş DHT Pro (Dedicated Hybrid Transmission) transmissiyası daxildir
Zahiri cəhətdən Xingyue L hibridini işıqlanan bölmələri (emblem də işıqlandırılır) olan başqa radiator barmaqlığı sayəsində tanımaq olar. Başqa tərtibata malik olan bamper və təkərlər də aerodinamik müqaviməti azaltmaq üçün optimallaşdırılıblar. Çində hibrid krossoverə sifarişlər artıq qəbul edilir. Krossoverin qiyməti 27.200 dollardan başlayır.
Lakin bu, Xingyue L modelinin ən bahalı versiyası deyil. Modifikasiya çeşidindəki ən bahalı model tam ötürməli benzin krossoveridir – bu model üçün 29.000 dollar tələb olunur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.