Avropada keçirilən ən böyük ixtisaslaşmış sərgilərindən biri olan Cenevrə avtosalonu, COVID-19 pandemiyasından ciddi zərər görmüş avtomobil tədbirlərdən biridir. Bu ilin mart ayında keçirilməli olan avtosalonun ləğv edilməsi barədə xəbər açılışdan bir neçə gün əvvəl elan edilmişdi. Palexpo kompleksində stendlərini hazırlayan bir çox şirkətlər öz təqdimatlarını virtual məkana köçürmək məcburiyyətində qalmışdılar.
Avropada koronavirusla mübarizə hələ başa çatmayıb, lakin sərginin təşkilatçıları gələn il üçün planlarını dəqiqləşdirirlər. Məlum olub ki, Cenevrə avtosalonu 2021-ci il sərgi mövsümünün cədvəlindən çıxarıla bilər.
Bu dəfə səbəblər sırf iqtisadi xarakter daşıyır. Təşkilatçıların rəsmi açıqlamasına görə, onların maddi vəziyyətləri "əhəmiyyətli dərəcədə zəifləyib" - çox güman ki, bu ilki sərginin tələsik ləğvi təşkilatçıları ciddi maddi itkilər ilə üz-üzə qoyub. Mətbuat açıqlamasında 11 milyon isveçrə frankından (10 milyon avrodan bir qədər çox) ibarət olan rəqəmdən bəhs olunur.
Avtomobil sərgisini təşkil edən fond, zərərin ödənilməsi və 2021-ci ildə keçiriləcək sərginin maliyyələşdirilməsinə dəstək almaq üçün İsveçrə dövlət orqanlarına müraciət edib. Cenevrə kantonunun rəhbərliyi fonda 16,8 milyon frank həcmində kredit ay;rma]a razılıq verib, lakin sərginin təşkilatçıları müraciəti geri çağırıblar: bəyanatda, hökumətin kredit müqabilində irəli sürdüyü şərtlərin Fondun nizamnaməsinə zidd və sərginin təşkilatçıları üçün qəbuledilməz olduğu bildirlib.
Eyni zamanda, Fond, kreditdən imtina edilməsi və sərginin növbəti ilə keçirilməsi (bu dəfə 2022-ci ilin martına) barədə qəbul edilmiş qərarın əsas iştirakçılar tərəfindən tam dəstəkləndiyini qeyd edib. Beləliklə, Cenevrə avtosalonunun növbəti yazda keçiriləcəyi hələlik sual altındadır. Xatırladaq ki, 2019-cu ildə 600 mindən çox ziyarətçi sərgiyə baş çəkmişdi.