Yeni nəsil Porsche 911 sportkarının təqdim olunmasına baxmayaraq, tüninq atelyeləri üçün sportkarın əvvəlki nəsli hələ də aktualdır. Almaniyada fəaliyyət göstərən Gemballa tüninq atelyesi də əvvəlki nəsil 911 Turbo modeli üçün hazırladığı GTR 8XX Evo-R tüninq proqramını təqdim edib.
Təkmilləşdirmələr nəticəsində sportkarın 3,8-litrlik altı silindrli oppozit mühərrikinin gücü 807 at qüvvəsinə qədər artırılıb. Bu, sportkarı 572 at qüvvəli 911 Turbo S və hətta, 690 at qüvvəli 911 GT2 RS modellərindən güclü edir. Gemballa nümayəndələri təkmilləşdirilmiş sportkarın 100 km/saat həddinə 2,38 saniyəyə, 200 km/saat həddinə isə 7,5 saniyəyə sürətləndiyini bildiriblər. Avtomobilin maksimal sürəti 370 km/saat təşkil edir.
Sportkarın yüksəlmiş güc xarakteristikaları onun xarici görkəmini də aqressiv etməyə məcbur edir. Kupe, tərkibinə iri hava girişləri olan kapot, yeni splitterə sahib olmuş ön bamper və qanad genişlindiriciləri daxil olan aqressiv aerodinamik kuzov dəstini əldə edib. Bu dəst avtomobili öndə 30, arxada isə 50 millimetr enli edib. Bundan başqa, iri antiqanad və diffuzoru, həmçinin mühərrikin inkişaf etdirilmiş hava girişini qeyd etmək olar.