Məşhur alman Gemballa tüninq atelyasi Las-Veqasda keçirilən sərgidə Porsche 911 modelinin xüsusi variantını nümayiş etdirib.

Sportkarın 3,8-litrlik oppozit mühərriki ciddi təkmilləşdirmədən keçərək yeni daxiloma və buraxılış sisteminə, idarəetmə bloklarına, silindr başlıqlarına, klapan və filtrlərə sahib olub. Alman mütəxəssislərinin müdaxiləsindən sonra mühərrik 828 at qüvvəsinə (+ 288 a.q.) və 952 Nm fırlanma anına (+292 NM) sahib olub. Gemballa GT sportkarı 100 km/saat sürətini 2,38 saniyəyə toplayır. Avtomobilin maksimal sürəti 320-dən 360 km/saata qədər artıb.

Eyni zamanda, sportkar qiyməti 25450 avro təşkil edən aerodinamik kuzov dəstinə də sahib olub. Karbondan hazırlanmış kuzov dəsti sportkarı öndə 30 millimetr, arxada isə 50 millimetr enli edib. Dəstin tərkibinə splitter quraşdırılan ön bamper, yeni diffuzora sahib olan arxa bamper, yan ətəklər, antiqanad və mühərrik qapağı daxildir. Bundan başqa, sportkar karbon-saxsıdan hazırlanmış əyləc mexanizmlərinə də sahib olub. 

Gemballa GT modeli öndə 380 millimetrlik, arxa da isə 360 millimetrlik diskləri, öndə altı porşenli, arxada dörd porşenli mexanizmləri olan əyləc sistemilə təchiz edilibdir. Sportkar qiyməti 7150 avro olan 21-düymlük təkər diskləri ilə də təchiz olunur.

Avtomobilin salonunun tərtibatında yüksək kefiyyətli dəri və alkantaradan istifadə edilir.

Gemballa firmasının emblemlərini idman oturacaqlarının başlıqlarında və ayaqaltılarda görmək olar.

Təkmilləşdirmələrin ümumi məbləği 86280 avro edir. Porsche 911 Turbo modelinin qiymətinin Almaniyada 176930 avrodan başladığını nəzərə alsaq, tüninq o qədər də ucuz başa gəlməyəcəkdir.

Image alt Image alt Image alt Image alt