Üç il əvvəl təqdim edilən Marsien superkarının kiçik miqyaslı istehsalına başlanılıb. Bütün avtomobillər əl ilə yığılacaqlar. 40 nüsxədən ibarət olan bütün tiraj artıq satılıb. Hər biri avtomobil üçün ən azı yarım milyon avro ödənilib və bu məbləğə donorun - 992-ci nəsildən olan Porsche 911 Turbo S kupesinin qiyməti daxil deyil. Marsien superkarı Nürburqrinqin “Şimal ilgəyində”, Ərəbistan yarımadasındakı qızmar səhralarda, Skandinaviyada və Avstriyanın Zölden xizək kurortunun yamaclarında sınaqdan keçirilib.
Marsien eyniadlı tüninq studiyasının yaradıcısı Uve Gemballanın oğlu Mark Filip Gemballanın debüt layihəsidir. Kupenin dizaynı Dakar üçün hazırlanmış Porsche 959 modelinə bənzəyir, kuzov isə, tamamilə karbonplastikdəndir və 85 ayrı hissədən ibarətdir. Panelləri rənglənmək, rəngi seçmək və ya laklanmaq barədə qərarı müştəri özü qəbul edir. Debüt nümunəsinin rəngi Marsien Glacier Blue adlanır. Bu, Marsın qütb qapaqlarından ilhamlanan, metal lopalar çilənmiş dördqatlı mavi sədəf minasıdır.
Ümumilikdə, Marsien modelində 400-dən çox yeni komponent var – təkcə asqıda onların sayı 30 ədədə çatır. Asqı tamamilə yenidir, qoşa köndələn qollara və KW Automotive firmasının adaptiv amortizatorlarına malikdir. Klirens 120-250 millimetr aralığında tənzimlənir, ön baqajda isə, təkərlərin avtomatik doldurulması sistemi quraşdırılıb. Gözəllik üçün qollar və alt çərçivələr qızılla anodlaşdırıla bilər və ya hətta sabit klirensi və artırılmış gedişi olan Reiger Suspension ralli asqısı quraşdırıla bilər.
Marsien modelinin güc qurğusu üzərində RUF firması işləyib. 3,7-litrlik oppozit “turboaltılığı” 750 at qüvvəsi və 930 Nm fırlanma anı hasil edir, Stage 2 dəsti isə hasilatı 830 at qüvvəsinə qədər artırır. Avtomobil 0-dan 100 km/saata 2,6 saniyəyə, 200 km/saata isə, 7,8 saniyəyə sürətlənir. Maksimal sürət - 335 km/saatdır. Mükəmməl səs Akrapovic tərəfindən Marsien üçün xüsusi olaraq hazırlanmış və istehsal edilmiş titandan buraxılış sistemi ilə təmin olunur.
İnteryerdə də çoxlu dəyişikliklər var. Orijinal 911 Turbo S modelinin mərkəzi konsolunu yuxarı qaldırıblar və burada dəri və ya alkanata ilə üzlənən Carrera GT modelinin üslubunda alüminium dəstəyi quraşdırıblar. Əlavə ödəniş müqabilində dsətəyin başlığı karbonplastik və ya qırmızı ağacdan hazırlanmış variantla əvəzlənəcək, qoruyucu yarımçərçivə, karbon lifindən dekorativ örtmələr əlavə olunacaq, lövhələr və nişanlar 24-karatlıq qızılla örtüləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.