Yaponiyanın Honda şirkəti və ABŞ-ın General Motors konserni strateji əməkdaşlıq barədə müqavilə imzalayıblar. Tərəflər Şimali Amerikada həm ənənəvi daxili yanma mühərrikləri , həm də elektrik güc qurğuları ilə hrəkətə gələn nəqliyyat vasitələri üçün platformaların qarşılıqlı istifadəsini və birgə modellərin hazırlanmasını nəzərdə tutan alyansı yaratmaq qərarına gəliblər.
General Motors konserni yeni ittifaqın tərəflərə sərbəst qalmış resursları mobillik sahəsinə yönəltməyə imkan verəcəyini bildirilib. Beləliklə, 3 sentyabr tarixində imzalanan qarşılıqlı anlaşma haqqında memorandum tərəflərin əməkdaşlığını genişləndirir və gücləndirir. Xatırladaq ki, belə bir ittifaqın yaradılacağı barədə məlumat hələ yaz aylarında ortaya çıxmışdı. O zaman, Honda şirkətinin GM konserninin elektromobillər üçün nəzərdə tutulmuş platformasına əsaslanan iki yeni elektrokarı buraxmaq, həmçinin Ultium batareyalarından istifadə etmək niyyətində olduğu bildirilmişdi.
Müqavilənin digər məqsədləri də var - satınalma, tədqiqat və inkişaf sahəsində əməkdaşlıq, eləcə də avtomobillər üçün xüsusi servislərin yaradılmasıdır (qabaqcıl sürücüyə yardım sistemlərindən tutumuş media sistemlərinə qədər). Birgə layihələrə nəzarəti General Motors və Honda şirkətlərinin top menecerlərinin daxil olduğu komitə həyata keçirəcəkdir. Tam əməkdaşlığa 2021-ci ildə başlanmalıdır.
Bu, General Motors və Honda şirkətlərinin ilk əməkdaşlığı deyil. Məsələn, yapon tərəfi GM konserninə məxsus olan Cruise Automation avtonom nəqliyyat vasitələri layihəsinə sərmayə qoyub.