General Motors konserninin şəffaflıq ruhunda hazırlanmış patent ərizəsinin 10 səhifəsinin heç birində “yolda aqressiya” sözlərini tapa bilməzsiniz. “Nəqliyyat vasitəsinin sərnişinlərinin psxiki sağlamlığının qiymətləndirilməsi və əks tədbirlərin tətbiqi” başlığına malik olan patent ərizəsində diqqət avtomobildə baş verənləri qiymətləndirən bir sıra sensorlar və modullara yönəldilib. Yeni sistem vəziyyətdən asılı olaraq, yaranmış "arzuolunmaz vəziyyətin" qarşısını almaq üçün müxtəlif əks tədbirləri aktivləşdirə bilər.

Eyni zamanda, 2022-ci ilin noyabrında təqdim edilmiş, lakin mayın 16-da dərc edilmiş patentdə sürücü və nəqliyyat vasitəsinin digər sərnişinlərinin təklif olunan sistemin müşahidəsi altında olduğu qeyd edilir. Bununla belə, ümumi mənzərəni anlamaq üçün sətirlərarasını oxumağa ehtiyac yoxdur - xüsusən də söhbət patentin təsvirindəki sərt əyləcləmə və ya sürətlənmənin, baqaj qapağının çırpılması, səs siqnalından istifadənin telemetrik monitorinqindən və salondakı söhbətləri dinləmək üçün mikrofonlardan gedirsə...

GM tərəfindən verilmiş qısa təsvirdə, yeniliyin "nəqliyyat vasitəsini idarə edən sürücünün psixiki vəziyyətini qiymətləndirən və onun şüurunun arzu olunan diapazondan kənara çıxmasına cavab olaraq əks tədbir görən" bir sistem olduğu bildirilir. Daha sonra, patentdə, stresə səbəb ola biləcək müxtəlif mənfi təsirlərə məruz qalan sürücü və sərnişinlər daha aydın şəkildə qeyd olunurlar. Məhz belə vəziyyət yarandıqda, sürücünü müşahidə edən biometrik sensorlarla yanaşı, avtomobilin hərəkətlərini izləməyən çoxlu sensorlardan istifadə edən sistem işə düşür.

Beləliklə, əgər siz avtomobili kiminsə üzərinə yönəldir, sağa-sola ani yerdəyişmələr edir və ətrafdakıları lənətləyirsinizsə, sistem sizin zehni vəziyyətinizin idarəetmə üçün məqbul olmadığına qərar verə və vəziyyəti düzəltmək üçün çoxsaylı addımlar ata bilər. Hər şey sadə bir xəbərdarlıqla başlayır, məsələn, dərindən nəfəs almaq kimi bir "məşğələ" tövsiyə olunur. Növbəti mərhələdə kiməsə zəng etməyi tövsiyə edir (əlbəttə ki, avtomobildə quraşdırılmış hands-free sistemindən istifadə etməklə). Üçüncü mərhələdə isə, xoşunuza gəlsə də, gəlməsə də, avtomatik olaraq təlim keçmiş məsləhətçiyə zəng olunur.

Təklif olunan digər hərəkət isə, kifayət qədər mübahisəli ola bilər - sürücünü idarəetmədən kənarlaşdırmaq üçün bir və ya bir neçə qabaqcıl sürücüyə yardım sistemilərinin (ADAS) aktivləşdirilməsi nəzərdə tutulur. Patent bunu ADAS, "nəqliyyat vasitəsini avtonom idarə olunmasını təmin etmək üçün tənzimlənmiş" kimi səciyyələndirir. Beləliklə, sürücü nəqliyyat vasitəsinin bir və ya bir neçə funksiyalarının idarə olunmasında iştirakdan kənarlaşıdırır.

Bütün patentlər kimi, bu ideyanın da nə vaxtsa həyata keçirələcəyinin heç bir zəmanət yoxdur. Sürücüyə xəbərdarlıqlar və telefon zəngləri, şübhəsiz ki, mümkündürlər, lakin sürücüyə yardım sistemlərinin məcburi aktivləşdirilməsi ilə bağlı daha böyük suallar ortaya çıxa bilər. Hər halda, sükan arxasında soyuqqanlılığınızı qorumaq məsləhətdir. Əks halda, gələcək avtomobiliniz hisslərinizi bərpa edənə qədər sizi taym-auta göndərə bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.