Hyundai şirkətinin premium subbrendi olan Genesis markasının model çeşidinin genişlənriliməsi üzrə ciddi planları mövcuddur. Artıq koreyalı istehsalçının G80 və G90 modelləri premium brendin hansı istiqamətdə inkişaf edəcəyi barədə təsəvvür yaratmışdır. Sən demə, koreyalılar düşündüyümüzdən daha da iddialıymışlar.
Bunu bu günlərdə ABŞ-ın Patent və Əmtəə nişanları bürosundan əldə edilən məlumatlar təsdiq edir. Artıq məlumdur ki, koreyalılar yeni premium kupe və krossoverləri hazırlamaq niyyətidədirlər. Bununla belə, Genesis brendinin qeydə aldığı əmtəə nişanları arasında GT60, GT70, GT80 və GT90 nişanları da vardır. İstər-istəməz insanın ağlına 1960-cı illərdə Le-Manda tufan kimi əsən Ford GT40 və yaxud 6,0-litrlik dörd turbokompressorlu V12 mühərriki olan Bugatti GT90 konsepti gəlir. Lakin, ininmıram ki, Genesis menecerləri bu qədər yüksəyi hədəfə alsınlar.
Digər tərəfdən patent bürosunda GV60, GV70 və GV80 nişanları da qeydə alınmışdır ki, bunu da artıq premium krossoverlər istehsalçısı olan alman üçlüyünün bostanına atılmış daş kimi qiymətləndirmək lazımdır. Çünki GV indeksindəki V hərfi “versatility”, yəni “universallıq” kimi açıqlanır. Bu sırada GV90 modelinin olmaması da xüsusi ilə diqqəti cəlb edir ki, əks halda Mercedes-Benz GLS və BMW X7 modellərinə güclü rəqib ortaya çıxmış olardı. İstənilən halda, bu yaxınlarda G60 və G70 modellərinin təqdim ediləcəyi də gözləniləndir.