Altı ildir ki fəaliyyət göstərən Genesis markası elektromobillər bazaırna müdaxilə etmək qərarına gəlib və Şanxayda işinə başlayan avtosalonda ilk elektromobilini nümayiş etdirib. Üstəlik, ilk elektrik modeli krossover deyil, bir il əvvəl nəsil dəyişdirən beş metrlik Genesis G80 sedanıdır. Eyni zamanda, batareyalı Genesis Electrified G80 modeli Cənubi Koreyadan kənarda dünyəvi təqdimatı keçirilmiş ilk Genesis seriya avtomobilidir.
Zahiri cəhətdən Genensis G80 elektrokarı benzin və dizel versiyalarından yalnız başqa bamperləri, radiator barmaqlığını əvəzləmiş bənzər dizayna malik olan bağlı panel və səsboğucu sisteminin çıxış borularının olmaması ilə fərqlənir. Üstəlik, elektrik terminalına qoşulma nöqtəsinin lyuku ön qanadda deyil, “radiator barmaqlığında” yerləşir.
Qeyd etmək lazımdır ki, markanın dizaynerləri bu qapağı ustalıqla gizlətməyə müvəffəq olublar. Salon tərtibatında başqa materiallardan (məsələn, təkrar emal edilə bilən materiallar) istifadə edilir. Bundan başqa, elektromobil daha güclü aktiv səs-küy boğma sistemini əldə edib: altı mikrofon və dörd titrəmə sensoru yoldan gələn səsləri boğmaq üçün nəzərdə tutulublar.
Ən maraqlısı sedanın daxilində gizlidir. Genesis Electrified G80 sedanı müasir 800 voltluq elektrik sistemə malikdir və 350 kilovata qədər gücü olan DC terminallarına qoşula bilər. Bu zaman 87.2 kilovat-saatlıq batareyanın 10 faizindən 80 faizinə qədər doldurulmasına 22 dəqiqə lazımdır.
Sedanın təchizatına daxil olan transformator 400 voltluq terminallara qoşulma imkanı da verir. Damda quraşdırılan günəş paneli enerjinin toplanması işinə kiçik də olsa, öz töhfəsini verir. Bundan əlavə, 3.6 kilovata qədər gücü olan xarici enerji istehlakçıları sedana qoşula bilər.
Genesis Electrified G80 modeli hər biri 185 at qüvvəsi və 350 Nm hasil edən iki elektrik mühərriki (hər oxda biri) və tam ötürmə sistemi ilə təchiz olunur. Güc qurğusunun ümumi hasilatı 370 at qüvvəsi və 700 Nm fırlanma anıdır. Ancaq yalnız arxa mühərrik davamlı olaraq işləyir və gərək olduqda ön mühərrik dövrəyə girir.
Eelektrik sedanı 60 mil/saat (97 km/saat) həddinə 4.9 saniyəyə sürətlənir və 427 kilometrlik yürüş ehtiyatına malikdir. Ön kameradan (avtomobilin qarşısındakı yolu skan edir) alınan məlumatlar əsasında amortizatorların sərtliyini dəyişdirən adaptiv asqı sistemi baza təchizatına daxildir. Xatırladaq ki, belə asqı benzin versiyaları üçün opsiyadır.
Genesis Electrified G80 sedanının satışlarına bu il başlanmalıdır. Üstəlik, elektrokarın satıldığı bazar təkcə Çin bazarı olmayacaqdır.