Genesis G70 modelini buraxmaqla koreyalıların BMW 3 Series sedanını nişangaha götürdüyü bəllidir. Lakin, bu iki rəqib arasında mübarizə yalnız bir müstəvidə gedir. Məlumdur ki, bavariyalı sedan, bu mübarizədə tək deyildir – onun cinahlarınada 3 Series Touring universalı və 4 Series kupesi yer alıbdır.
Koreya istehsalçısı isə, yalnız bu ailəyə yalnız sedan kuzovlu Genesis G70 ilə hədə qorxu gəlir. Lakin, deyəsən, koreyalılar hücum silahlarını artırmaq üzərində fikirləşirlər. Buna misal olaraq, bu günlərdə İnternet şəbəkəsində Genesis G70 modelinin kupe versiyasının renderlərinin peyda olmasıdır. Necə deyərlər “od olmayan yerdən tüstü çıxmaz”.
Renderi hazırlayan rəssam G70 modelini yeni Genesis G90 modelinin üslubunda dizayna malik olan radiator barmaqlığı ilə təchiz edib. Böyük ehtimalla, bu qalxanı bundan sonra bütün Genesis modellərində quraşdıracaqdırlar. Radiator barmaqlığından əlavə, G70 Coupe dam xətti, arxa dayaq forması ilə də seçilir. Ümumilikdə, G70 Coupe sedana nisbətən daha cəlbedici görünür.
Əlbəttə ki, bütün bunlar boş yerdən yaranmayıb. Məlumdur ki, Genesis markasının 2016-cı ildə dərc edilmiş yol xəritəsində “dəbdəbəli idman kupesi” də yer alıbdır. Bir müddət bundan öncə, premium koreya markası BMW M3 sedanına rəqib olacaq “bərkgedən” G70 sedanını hazırlayacağını bəyan etmişdi. “Bərkgedən” sedanın güc aqreqatının G70 modelinin 365 at qüvvəli 3,3-litrlik V6 tvin-turbo mühərriki ilə təchiz edilən top variantından güclü olacağı da bildirilib. Əgər belə kupe kuzovlu Genesis G70 seriyaya gedərsə, onun hədəfində hansı modelin olacağını ehtimal etmək çətin deyil – BMW M4.
Bu günlərdə isə, Nyu Yorkda Genesis markası başqa bir konseptual kupeni nümayiş etdirməyə hazırlaşır. Lyuk Donkervolke bu konseptin elektrokar olduğunu artıq etiraf edib. Çox güman ki, bu Essentia EV konseptinin yeni versiyası olacaqdır.