Cənubi Koreya istehsalçısı olan Hyundai şirkətinin Genesis premium subbrendi orta ölçülü Genesis G80 sedanını və onun «qaynar» modifikasiyası olan G80 Sport modifikasiyasını Pusan şəhərində keçirilən avtomobil sərgisində təqdim etmişdir. Yeni sedan əvvəllər Hyundai Genesis kimi tanıdığımız sedanı əvəzləyəcəkdir. Yeni ad almış sedan Cənubi Koreyda 315 at qüvvəsi olan 3,8-litrlik altı silindirli mühərriklə və səkkiz pilləli avtomatik sürətlər qutusu ilə hərəkətə gələcəkdir.
Bu mühərrikin əvvəlki 450 at qüvvəli səkkiz silindirli mühərriki əvəz edəcəyi və yaxud onunla birlikdə təklif ediləcəyi məlum deyildir. Genesis G80 sedanı həm arxadan çəkişli, həm də tam çəkişli ötürmə sistemləri ilə təklif ediləcəkdir.
Genesis G80 Sport modifikasiyası isə, 365 at qüvvəsi və 509 Nm fırlanma anı olan 3,3-litrlik iki turbokompressorlu altı silindirli mühərriklə təchiz ediləcəkdir. Bu mühərrik barədə ətraflı məlumat verilməsə də, onun G90 bayraqdar sedanında da quraşdırılmdığı məlumdur. Bildiyimiz kimi, belə mühərriklə təchiz edilmiş Genesis G90 sedanı 100 kilometr-saat sürətini 6,2-saniyəyə sürətlənir.
Genesis premium subbrendi yaxın dörd il ərzində beş yeni model buraxmağa hazırlaşır. Bu barədə avtomobil istehsalçısının 2020-ci ilə qədər olan istehsal planında nəzərdə tutulmuşdur. 2017-ci ilə qədər Genesis subbrendinin model cərgəsi iki avtomobillə - yığcam və orta ölçülü sedanla genişlənəcəkdir. Bunlardan birincisi Genesis G80, ikincisi isə Genesis G70 adlandırılacaqdır. 2017-ci ildən 2020-ci ilə qədər Genesis markası öz model cərgəsinə kupe və iki krossoveri qatmaq fikrindədir.