Koronavirusun avtomobil istehsalçılarının planlarını alt-üst etdiyi aşikardır. Məsələn, Cənubi Koreyanın premium markası olan Genesis Cenevrədə keçirilməli olan avtosalonda G80 sedanın yeni nəslini nümayiş etdirməyi planlaşdırmışdı. Lakin, atalarımızlz təbirincə desək, “sən saydığını say, görək COVID-19 nə sayır”.
Beləliklə, Genesis şirkəti də naəlac qalaraq, digər istehsalçılar kimi, yeni modelini onlayn şəkildə təqdim etmək məcburiyyətində qalıb. Bu gün koreya markası yeni Genesis G80 sedanının şəkillərini dərc edib, amma yeni modelin texniki hissəsi barədə məlumat verməyib. Bunun bizi çətin vəziyyətə salacağını güman edən koreyalılar yanılırlar.
Yeni Genesis G80 modelinin texniki hissəsi barədə məlumat əldə etmək üçün, bir müddət bundan öncə təqdim edilmiş Genesis GV80 krossoverinə nəzər salmaq lazımdır. Böyük ehtimalla, Genesis G80 modelinin mühərrik çeşidinə 305 at qüvvəsi hasil edən 2,5-litrlik dördsilindrli turbomühərrik və 375 at qüvvəsi təklif edən 3,5-litrlik V6 turbomühərriki, həmçinin 278 at qüvvəsi hasil edən 3,0-litrlik sıralı altısilindrli dizel mühərriki daxil ediləcəkdir.
Güc aqreqatları 8-pilləli avtomatik qutu ilə tandemdə çalışacaqdırlar. Koreya markası sedanı arxa və ya differensialın elektron qapanması olan tam ötürmə ilə təchiz edə bilər. Xatırladaq ki, cari Genesis G80 modeli iki ötürmə ilə təklif edilir. Hər halda, şimal ölkələrində rəqabətcil olmaq üçün, avadanlıq siyahısında tam ötürmənin olması vacibdir.
Genesis G80 modelinin interyerində rəvan cizgilər hökm sürür. Burada dördqollu sükan çarxına, aşağı «mərtəbəsi» olan iri mərkəzi tunelə rast gəlmək olar. Sedan 12,3-düymlük rəqəmsal cihazlar panelinə, multimedia sisteminin 14,5-düymülk genişformatlı displeyinə və proyeksiya displeyinə sahib olacaqdır. Sürücünün sağ əlinin altında əlyazması ilə yazılan məlumatlar üçün sensorlu panel də mövcuddur.
Genesis G80 modeli GV 80 krossoveri kimi, toqquşmasının qarşısını alan və ön oturacaqların arasında açılan mərkəzi təhlükəsizlik yastığı ilə təchiz ediəcəkdir. Sedan ən azından10 hava yastığı ilə təchiz edilməlidir.
Bundan başqa, G80 modelində RANC (Road Active Noise Control) səsin aktiv boğulması sistemi də tətbiq ediləcəkdir. Digər bənzər sistemlər kimi bu sistem də öz fəaliyyətində avtomobilin audiosistemindən istifadə edir. RANC sistemi xarici səsi yazan mikrofonlarla yanaşı, titrəyişləri qeydə alan akselerometrə də sahibdir. Bu, hesablamaları dəqiq yə yeyin aparmağa şərait yaradaraq, gərək olan siqnalı dinamiklərə 2 millisaniyəyə ötürməyə imkan verir.
Bundan başqa, sedan üçzonalı iqlim sistemi, avtobanlarda hərəkət zolağını avtomatik olaraq dəyişə bilən adaptiv kruiz-kontrol və sürücünün yorşunluq səviyyəsinə nəzarət edən sistem ilə təchiz ediləcəkdir.