Bu gün Hyundai şirkətinə məxsus olan Genesis subrendi özünün Facebook social şəbəkəsindəki səhifəsində yenilənmiş bayraqdar G90 sedanının ilk tizerini dərc edib. Doğrudur, dərc edilmiş şəkildə yenilənmiş sedan örtük altında olsa da, onun eksteryerində baş vermiş dəyişikliklərin bir neçəsini görmək mümkündür.
İlk növbədə bayraqdar sedan yeni işıq texnikasına sahib olacaqdır. Dərc edilmiş tizerdən də göründüyü kimi, tamamilə işıqdiodlarından hazırlanmış ön fənərlər yeni forması ilə seçilirlər. Buna misal olaraq, radiator barmaqlığının sərhəddindən ön qanada qədər uzanan gündüz hərəkət işıqlarını göstərmək olar. Radiator barmaqlığı da yeni dizayna malik olubdur. Üstəlik, barmaqlıq özəkləri olan tora malikdir. Ön bamper də yeni formalara malik olubdur ki, bu da arxa bamperin də formasını dəyişəcəyindən xəbər verir.
Hələlik, Genesis G90 modelinin zahirində baş vermiş yeniliklər barədə olan məlumatımız bununla məhdudlaşır. Lakin, bayraqdar sedanın interyerində də dəyişikliklərin olacağı ehtimal olunur. Üstəlik, bayraqdar sedanın daha mütərəqqi sistemlər ilə təchiz ediləcəyini əminliklə söyləmək olar.