Genesis GV60 elektrik krossoveri 2021-ci ilin ikinci yarısında debüt edib və bazarda uğursuz olub. 2022-ci ildə dünya üzrə cəmi 11 min GV60 satılıb, 2023-cü ildə isə, tələbat 10 min ədədə düşüb. Yenilənmiş versiya yalnız indi hazırlanıb və onun barədə məlumatların yalnız bir hissəsi açıqlanıb. Bununla belə, ilk məlumatlar yeniləmənin o qədər də ciddi olmadığını göstərir.

Zahiri cəhətdən krossover demək olar ki, dəyişməyib. Hava girişlərinin forması dəyişdirilmiş yeni ön bamper əvvəlkindən elə də ciddi fərqlənmir. Təkər tağlarının genişləndiriciləri və kandar örtmələri kuzov rənginə boyanıblar ki, bu da onsuz da aşağı olan “krossoverlik” dərəcəsini bir qədər də azaldıb. İkili LED faralar eyni formaya malikdirlər, lakin indi MLA (Micro Lens Array) matrisa texnologiyasından istifadə etməklə hazırlanıblar. 21-düymlük yeni təkər diskləri peyda olublar, lakin arxa tərəfə toxunulmayıb.

Salonda əsas dəyişiklik cihazlar paneli və media sistemin iki ayrı ekranının əvəzinə quraşdırılmış vahid 27-düymlük OLED displeydir. Bu modulla yanaşı, ön panelin yeni üst örtüyü peyda olub. Əvvəlki ikiqollu sükan isə, öz yerini üçqollu varianta verib. Bundan başqa, interyer üçün yeni rəng variantları təklif olunacaq.

Texniki detallar hələlik açıqlanmayıb. Yenilənmədən əvvəlki Genesis GV60 üç versiyada təklif olunur və onların hamısı 77,4 kilovat/saatlıq batareya ilə təchiz edilir. Arxa ötürməli baza versiyası 229 at qüvvəsinə, ilkin tamötürməli versiya - 318 at qüvvəsinə, ən yüksək səviyyəli Performance versiyası isə, 490 at qüvvəli ikimühərrikli güc qurğusuna malikdir.

Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Genesis GV60 Cənubi Koreya bazarında birinci rübün sonuna qədər satışa çıxmalıdır, ona görə də avtomobil haqqında bütün detallar yaxın zamanda açıqlanmalıdır. Yenilənmiş çeşidə yeni Magma sürücü versiyasını da daxil olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.