Genesis GV60 modelinin yayda nümayiş olunmasına baxmayaraq, avtomobil haqqındakı məlumatlar yalnız indi dərc edilib. Genesis GV60 modeli Hyundai konserninin E-GMP (Electric-Global Modular Platform) modul platformasında inşa edilmiş yığcam elektrik krossoveridir.

GV60 modeli Genesis markasının korporativ üslubunda ikimərtəbəli ön və arxada işıq texnikasına malik olsa da, bəzi özünəməxsus cizgilərə malikdir. Məsələn, elektrokar, qanadlara keçən böyük kapotu olan ilk Genesis avtomobilidir. Qapılar geri çəkilə bilən tutacaqlara malikdir, yan güzgülərin əvəzinə isə kameralar quraşdırılıb. Üstəlik, bu günə qədər adi güzgüləri olan şərti baza versiyasından bəhs edilmir. Nəhəng barmaqlıq qismən də olsa funksionaldır: onun aşağı hissəsində dartma batareyasını soyutmaq üçün hava girişi var.

Texniki cəhətdən Genesis GV60 modeli Hyundai Ioniq 5 və Kia EV6 elektrokarlarının ilə demək olar ki, bənzəridir. Hətta, onun təkər bazasının ölçüsü (2900 millimetr) də Kia elektrokarı ilə eynidir. Elektrokar öndə McPherson dayaqları, arxada isə çoxqollu asqısı olan şassiyə malikdir.

Yalnız yaylı asqı təklif olunur, lakin zəngin təchizatı olan krossoverlər üçün adaptiv amortizatorları da nəzərdə tutulub: amortizatorların sərtliyi avtomobilin qarşısındakı yolu skan edən ön kameradan alınan məlumatlara əsasən dəyişir. Xatırladaq ki, belə bir sistem daha böyük Genesis modellərində tətbiq edilir.

Premium krossover 77,4 kilovat-saatlıq batareya ilə təchiz edilir. Belə batareya Hyundai və Kia markaları altında buraxılan elektrokarların Long Range modifikasiyalarında quraşdırılır. Batareya əvvəlcədən isidilmə sisteminə malikdir, E-GMP arxitekturası isə, 800 volt gərginlikli və 350 kilovat gücə malik olan “sürətli” terminallara qoşulmağa imkanı verir.

Bu halda, 100 kilometrlik yürüyüşü təmin etmək üçün, beş dəqiqəlik qoşulma kifayətdir. Batareyanın 80 faizini doldurmaq üçün isə 18 dəqiqə gərəkdir. Bununla belə, 400 voltluq terminallara və məişət elektrik şəbəkəsinə qoşulmaq da mümkündür. Nəhayət, elektrokara 3,6 kilovata qədər gücü olan elektrik cihazlarını qoşmaq olar.

Krossover üç versiyada təklif edilir. Baza versiyası arxa ötürməyə, habelə 228 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən bir elektrik mühərrikinə malikdir. Elə bu versiya da ən uzunmənzilli versiyadır. WLTP dövrünə əsasən, GV60 modelinin baza variantı dolu batareya ilə 451 kilometr məsafə qət edir.

Tam ötürməli modifikasiyada arxa oxda 217 at qüvvəli, ön oxda isə 101 at qüvvəli  elektrik mühərrikləri quraşdırılır. Güc qurğusunun ümumi hasilatı 318 at qüvvəsi və 605 Nm fırlanma anı təşkil edir. Belə versiyanın pasport üzrə yürüş ehtiyatı 400 kilometrdir. Üstəlik, sürücü düyməyə basaraq ön mühərriki məcburi olaraq söndürə bilər.

Nəhayət,  Performance top versiyası ümumilikdə 435 at qüvvəsi və eyni 605 Nm fırlanma anı hasil edən iki 217 at qüvvəli mühərrik ilə təchiz olunur. Top versiyanın yürüş ehtiyatı 368 kilometrdir. Doğrudur, tam hasilat sükan çarxındakı Boost düyməsinə basdıqdan sonra yalnız on saniyə ərzində əlçatandır. Genesis GV60 Performance modeli 100 km/saata 4,0 saniyəyə sürətlənir. Eyni zamanda, top versiya elektronika tərəfindən idarə olunan arxa differensial kilidinə və drift rejiminə malikdir!

Koreyalılar interyer konsepsiyasını “Beaty of White Space”(“Ağ məkanın gözəlliyi”) adlandırırlar. E-GMP platforması isə döşənəmi düz etməyə imkan verib, ənənəvi mərkəzi tuneldən imtina isə, geniş salon hissini artırmaq məqsədi daşıyır. Transmissiyanın yarımkürə-selektoru, mediasistemin şaybası və fincan tutacaqları dirsəkaltında bərkidilmiş ayrı konsolda yerləşir.

GV60 krossoveri ön paneldəki iki ekrana, proyeksiya displeyinə, ikizonalı klimat-kontrola və opsional dəri salona malikdir. Oturacaq və qapıların standart üzlüyü təkrar emal edilmiş materiallardan - əsasən də plastik şüşədən hazırlanır.

Bundan başqa, Genesis krossoveri ənənəvi açar-transponderi əvəvləyəcək biometrik skanerlərə sahib olacaqdır: üz tanıma sistemindən istifadə edərək avtomobilin kilidini açmaq, barmaq izilə isə işə salmaq olar.

Salonda aktiv səs-küy boğulması və hərəkətin səsini təqlid edən sistemlər var ki, bunlardan sonuncusu üç “saundtrekə” malikdir: Futuristik, E-Motor və G-Motor (benzin mühərrikinin səsi). Opsional Bang & Olufsen səs sistemi 17 dinamikə malikdir, multikonturlu ön oturacaqlarda isə yeddi pnevmatik kamera var.

Nəhayət, salonda sürücü və sərnişinin toqquşmasının qarşısını almaq üçün ön oturacaqların arasında şişirdilən iki mərkəzi yastıq da daxil olmaqla, səkkiz təhlükəsizlik yastığı var.

Genesis GV60 elektrik krossoverinin satışına 2022-ci ildə başlanacaqdır. Genesis markası doğma Cənubi Koreyada belə elektrokarın qiymətini elan etməyib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.