Gələn il satışa çıxacaq Genesis GV60 elektromobili, premium Koreya markasının E-GMP modul platformasında inşa olunan və 800-voltluq elektrik sistemi ilə təchiz edilən ilk modeli olacaqdır. Ancaq yeniliklər bununla bitmir. Məsələn, GV60 modelində lk dəfə, ənənəvi açar-transponderləri əvəz edəcək biometrik skanerlər quraşdırılacaqdır.
Face Connect sistemi sürücü qapısının çərçivəsində yeləşirilmiş miniatür kameradan ibarətdir. Sistem avtomobil sahibinin üzünü tanıyaraq avtomoblin qapılarını aça və ya kilidləyə biləcəkdir. Sistemin yaddaşına iki nəfərin biometrik məlumatları daxil edilə bilər.
Eyni zamanda, sistem bu sürücülərin daxil etdiyi bütün tənzimləmələri (oturacaq və güzgülərin mövqeyi, cihazlar panelinin rejimi, sevimli radio stansiyası) yadda saxlayacaqdır. Kameranın özü infraqırmızıdır (Near Infrared) və yaradıcılarının əmin etdiyi kimi, hətta gecə də düzgün işləyəcəkdir.
Face Connect sistemi, açar avtomobilin içərisində (məsələn, çimərlikdə) qalsa belə, onu kilidləməyə imkan verir. Bu halda, qapıları yalnız yaddaşa yazılmış iki nəfər aça bilər.
Üzün tanıması avtomobilə daxil olmağa imkan versə də, onu işə salmayacaqdır. Bunun üçün fərqli bir sistemdən istifadə ediləcəkdir - bu, mərkəzi tuneldə uraşdırılan barmaq izi skaneridir. Bu texnologiya heç də yeni deyil və uzun müddətdir ki, cihazın kilidini açmaq üçün smartfonlarda və digər qadcetlərdə istifadə olunur.
Sistem, avtomobil sahibinin barmaq izini tanıdıqdan sonra, elektrokarı işə salmaq üçün 30 saniyə vaxt verir. Əgər bu müddət ərzində elektrokar işə salınmazsa, “alışdırma” yenidən kilidlənir.
Bundan başqa, Genesis GV60 modeli genişləndirilmiş məsafədən yenilənmə sisteminə də sahib olacaqdır. “Hava üzərindən” təkcə media sisteminin və ya naviqasiya xəritələrinin proqram təminatı deyil, həm də avtomobilin ən vacib sistemlərinin - əyləc, sükan, elektron idarəetməli asqının və təhlükəsizlik sistemlərinin proqram təminatı da yenilənəcəkdir. Genesis GV60 krossoverinin satışlarına 2022-ci ildə başlanmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.