Yaxın zamanlara qədər, Hyundai şirkətinin premium subbrendi olan Genesis markasının model xəttində krossoverlər mövcud deyildi. Genesis şirkəti bu ilin yanvarda ilk krossoverini - GV80 modelini təqdim edib. Lakin, tezliklə koreya brendinin model xəttində daha bir krossover peyda olacağı gözlənilir. Bu avtomobil yığcam Genesis GV70 krossoveri olacaqdır. Casuslar Nurburqrinq yaxınlığında ilk prototiplərdən birini yaxalmağa müvəffəq olublar.
Krossoverin xarici görünüşünü kamuflyaj gizlədir, lakin yeni modelə məxsus olan cizgiləri onun çöhrəsində görmək olar. Bunlara misal olaraq, qeyri-adi formalı arxa hissənin üçbucaqlı yan pəncərələrini və güclü mailliyə malik olan arxa şüşəni göstərmək olar. Krossoverin Genesis markasına aid olduğuna LED fənərlərin ikimərtəbəli forması, radiator barmaqlığı və arxa fənərlərin altındakı çıxıntılar dəlalət edir.
Texniki hissəyə gəldikdə isə, əldə edilən məlumatlar bir-birindən fərqlənir. Prototipin digər Genesis modelləri kimi klassik quruluşa malik olduğuna uzun kapot və arxaya çəkilmiş salon işarə edir. Bununla birlikdə, GV70 modelinin Hyundai Tuscon krossoverinin yeni nəsli ilə eyni platformanı və mühərrik çeşidini bölüşəcəyi söylənilir.
Təəssüf ki, pandemiya səbəbindən, yeni modelin nə zaman debüt edəcəyini söyləmək çətindir. Çox güman ki, Gensis GV70 modelinin rəsmi təqdimatı gələn il keçiriləcək, ilk seriya avtomobilləri isə 2021-ci ilin sonlarına yaxın satışa çıxacaqdırlar. Bununla belə, yeni krossoverin debütünün gecikməyəcəyinə də ümid var, çünki GV70 modeli markanın satışlarını ciddi şəkildə artırmaq və yeni alıcıları cəlb etmək şansına malikdir. Buna görə də, Hyundai şirkəti yeni krossoverin müştərilərə daha tez çatdırılmasına çalışacaqdır.