Genesis altı il əvvəl təqdim etdiyi GV70 krossoverini növbəti dəfə modernləşdirib. Model üçün artıq yeni nəslin təqdimatı gözlənilsə də, Koreya istehsalçısı hələlik mövcud platformanı inkişaf etdirməyə üstünlük verib.

Əsas yenilik Graphite Package adlı opsional idman paketdir. Komplektasiyaya qara mat yan güzgü gövdələri, qırmızı əyləc supportları, xüsusi dizaynlı 21 düymlük disklər və dörd yeni kuzov rəngi daxildir. Genesis GV70 modelinin standart versiyaları da diqqətdən kənarda qalmayıb – baza komplektasiyasında artıq 19 düymlük disklər quraşdırılır, kuzov rəng palitrasına isə yeni Tromso Green əlavə olunub.

Graphite Package interyerdə də özünü göstərir. Salon qara və göy rəngli Nappa dərisi, karbondan dekor elementləri, mikrofiber işləmələr, qırmızı kontrast tikişlər və təhlükəsizlik kəmərləri ilə fərqlənir. Bundan başqa, multimedia sistemi xüsusi qrafik interfeysi əldə edib.

Texniki hissədə əsas yenilik elektron idarə olunan məhdud sürüşməli diferensial və yenidən sazlanmış adaptiv asqıdır. Mühərrik çeşidi isə dəyişməz qalıb. Cənubi Koreyada model 304 at qüvvəli 2,5 litrlik turbodördlük və 380 at qüvvəli 3,5 litrlik V6 biturbo mühərrikləri ilə təklif olunur. Hər iki aqreqat səkkizpilləli avtomatik transmissiya ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Genesis GV70 modelinin qiyməti hələlik açıqlanmayıb. Hazırkı model Cənubi Koreyada 54,7 milyon vondan (təxminən 36 min ABŞ dolları) başlayan qiymətlərlə satılır. Modernləşdirilmiş krossoverin bu yay əsas ixrac bazarlarına, ilk növbədə ABŞ-a çıxarılması planlaşdırılır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.