Premium Genesis markası model cərgəsində ikinci krossover olan yığcam GV70 krossoveri haqqında detalları açıqlayıb. Genesis GV70 modelinin əsas rəqibləri BMW X3, Mercedes-Benz GLC və ya Audi Q5 modelləri olacaqdır. Müvafiq olaraq, krossoverin ölçüləri rəqibləri ilə müqayisə olunandır: onun uzunluğu 4715 millimetr, eni - 1910 millimetr, hündürlüyü - 1630 millimetr, oxları arasındakı məsafə isə 2875 millimetrdir. Krossoverin əsasını, G70 sedanında istifadə edilən arxa ötürməli platformaya bənzər platforma təşkil edir.
Yeni krossoverin mühərrik çeşidinə üç güc aqreqatı daxildir: baza mühərriki 210 at qüvvəsi və 441 Nm fırlanma anı hasil edən yeni nəsil 2,2-litrlik turbodizeldir. Digər iki mühərrik 304 at qüvvəsi və 422 Nm fırlanma anı təklif edən 2,5-litrlik dördsilindrli benzin turbomühərriki, həmçinin 380 at qüvvəsi və 530 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 turbomühərrikidir. Bütün mühərriklər səkkiz pilləli "avtomat" ilə tandemdə çalışırlar.
Yeni krossoverin dinamik xüsusiyyətlərinə gəldikdə isə, yalnız ən güclü Genesis GV70 modelinin göstəricisi açıqlanıb: top krossover 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir.
Standart olaraq, GV70 krossoveri yaylı asqı ilə təchiz edilir, lakin əlavə ödənişlə, adaptiv şassini sifariş etmək olar – amortizatorlar sərtliyi daxili kameranın skan etdiyi yol səthinə görə dəyişir. Tam ötürməli krossoverlərin təchizatına, palçıq, qum və qar rejimlərini özündə birləşdirən Multi Terrain Control yolsuzluq rejimləri sistemi daxildir.
Digər avadanlıqlar arasında - avtomobili zolaqda saxlamaqla yanaşı, həm də dönmə siqnalının aktivləşməsi halında zolağı dəyişə bilən Highway Driving Assist II (HDA II) avtopilotu, dayanacaqda manevr və arxaya hərəkət edərkən toqquşmanın qarşısını alan sistem, sürücünün diqqətinin izləməsi sistemi, diz və ön oturacaqlar arasındakı mərkəzi təhlükəsizlik yastığı da daxil olmaqla səkkiz hava yastığı vardır. Bundan əlavə, GV70 modeli üçün, 99,9% səmərəliliyi olan havanın ikiqat antibakterial təmizlənməsi və biometrik identifikasiya sistemləri də vəd olunub.
Daha idman görünüşlü GV70 Sport versiyası haqqında da detallar açıqlanıb: belə krossoverlər beşinci qapının üzərindəki spoylerə, buraxılış sisteminin qara rəngli yumru çıxış borularına, aerodinamik cəhətdən inkişaf etdirilmiş bamperlərə, 21-düymlük təkər disklərinə, elektron idarəetməli arxa differensiala və Launch Control funskiyasına sahib olacaqdırlar.
Yeni krossoverin Cənubi Koreyadakı satışlarına 2021-ci ilin əvvəlində başlanmalıdır. Sonradan yeni model digər bazarlarda da təklif ediləcəkdir.