Genesis şirkəti GV80 konseptual kupe-krossoverini təqdim edib. Nyu-Yorkda keçirilən tədbirdə nümayiş etdirilən dörd yerlik yenilik premium sedanlar üzrə ixtisaslaşan brendin model çeşidini genişləndirmək üçün nəzərdə tutulub. Prototipi yaradan komanda keçən il nümayiş etdirilən konseptual X Speedium elektrik kupesindən ilhamlanıb. GV80 Concept Coupe Genesis markasının premium avtomobillərinə üstünlük verən müştəriləri üçün innovativ dəbdəbəli məhsulların yaradılmasına sadiqliyini nümayiş etdirir.
GV80 Coupe Concept prototipinin dizaynı firma G-Matrix radiator barmaqlığı, eləcə də qüsursuz işıqlandırma texnologiyasına malik olan dörd nazik LED fənərləri ilə seçiliir. Vizual olaraq krossover BMW X6 modelinə bənzəyir. Bununla belə, Cənubi Koreya konseptində arxa tərəfdəki iki spoyler, uzadılmış kapot, həmçinin qara haşiyələri olan aqressiv hava girişləri var. Bundan əlavə, krossover alüminium təkər disklərinə, karbon lifindən hazırlanmış dama və Cənubi Koreya xalqının inamını tərənnüm edən Magma kuzov rənginə sahib olub.
GV80 Coupe Concept konseptinin salonunda Nappa dərisi və karbon əlavələrlə işlənmiş, inkişaf etdirilmiş dəstəkləri olan dörd yarış oturacağı, üçqollu sükan, multimedia sisteminin üfüqi ekranı, rəqəmsal cihazlar paneli və ikinci cərgənin arxasında quraşdırılmış böyük dayaq var. Bu dayaq kuzovu əlavə sərtlik ilə təmin edir.
Cənubi Koreya brendi konseptual kross-kupenin texniki xüsusiyyətlərini açıqlamayıb. Bununla belə, perspektivli modelin tam elektrik güc qurğusunu alacağını ehtimal etmək olar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.