Genesis brendinin ilk krossoveri olacaq GV80 modeli bu ilin sonuna kimi debüt etməlidir. 2017-ci ildə Nyu Yorkda keçirilmiş avtosalonda nümayiş etdirilmiş Genesis GV80 Fuel Cell konsepti premium koreya markasının niyyətinin ciddiyyətindən xəbər verirdi.
Əlbəttə ki, İnternet şəbəkəsi dəbdəbəli Genesis krossoverinin görkəmini əks etdirən çoxsaylı renderlərlə doludur və onların əsasında Nyu York konsepti durur. Üstəlik, Genesis markası dərc etdiyi bir neçə videoçarxda krossoverin zahiri görkəmi barədə müəyyən təsəvvür yaratmağa cəhd göstəribdir. Lakin, bütün bunlar real avtomobili görənə qədər yalnız fərziyyə olaraq qalır. Hətta, yollarda rast gəlinən sınaq prototiplərinin güclü kamuflyaj örtüyü onmun ön və arxa hissəsinin dizaynı barədə mülahizə yürütməyə imkan vermir.
Bu günlərdə YouTube kanalında 3D Nori adlı istifadəçi maraqlı bir videoçarxı yayıb. Videoçarxda gələcək premium krossoverin eksteryeri dizaynı nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, bu çarxdakı avtomobilin seriya modelinə maksimal dərəcədə yaxın olduğu nəzərə çarpır. Göründüyü kimi, tizerdəki avtomobilin radiator barmaqlığı konseptən fərqli olaraq bütovdür və son Genesis modellərindəkinə bənzəyir. İşıq texnikası da konseptdəkinə nisbətən daha iri formalara malikdir. Ənənəvi qapı dəstəkləri və səsboğucu sistemin çıxış borularının forması da seriya modelindən xəbər verir.