Yeni Genesis GV80 krossoverdə mühərriklə bağlı problem aşkarlanıb. Qüsur daxili bazarda satılan 3,0-litrlik SmartStream turbodizeli ilə təchiz edilmiş avtomobillərdə özünü biruzə verib. GV80 sahibləri mühərrikin işləməsi zamanı əmələ gələn güclü titrəmələrdən şikayətlənirlər. Genesis şirkəti dizel modifikasiyasının istehsalını və göndərilməsini dayandırmaq qərarına gəlib.

Genesis şirkətinin nümayəndəsi 278 at qüvvəsi və 588 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbodizel ilə bağlı problemlərin olduğunu etiraf edib. Koreya şirkəti, aşağı dövrələrdə mühərrikdə yaranan titrəmələrin təhlükəsizliyə təsir göstərmədiyini və ilkin məlumatlara görə, qüsurun karbon çöküntülərinin yığılması ilə əlaqəli olduğunu vurğulayıb. Genesis markasının rəsmi dilerləri yığılan çöküntülərin çıxarılmasına zəmanətə əsasən təmizləməyə hazır olduqlarını bildiriblər. Əlavə olaraq, problemin səbəbini müəyyənləşdirmək üçün, istehsalçı turbomühərrikdə yoxlama aparacaqdır.

Rəsmi məlumatlara görə, dörd ay ərzində Cənubi Koreyada təxminən səkkiz min dizel mühərrikli Genesis GV80 krossoveri satılıb və daha on min krossoverə əvvəlcədən sifariş rəsmiləşdirilib. Digər ölkələrdən olan müştərilər belə problem ilə üzləşməyiblər, çünki ABŞ və Çin bazarında Genesis GV80 modelinin yalnız benzin versiyaları satılır. Genesis, dizel mühərriki ilə yaşanan probleminin 2,5 və 3.5 litrlik benzin turbomühərriki ilə təchiz edilmiş krossoverlərin istehsalına və tədarükünə təsir göstərməyəcəyini bildirib.

Böyük ehtimalla, Genesis ilk krossoverinin ixrac versiyalarında keyfiyyət problemlərini aradan qaldırmaq üçün daxili bazar üçün nəzərdə tutulmuş GV80 modelinin buraxılışını dayandırmaq qərarına gəlib. Koronavirus böhranı səbəbindən avtomobillərə olan tələb azalıb, buna görə də konveyerin qısamüddətli dayandırılması və çatdırılmaların saxlanılması istehsalçı üçün o qədər ağrılı olmayacaqdır.

Mənbə:TheKoreaTimes