Genesis şirkəti, mart ayının sonunda Cənubi Koreyada debüt edəcək yeni konseptual elektromobilin video tizerini paylaşıb. Yeni konsept seriya modelinin müjdəçisi olan elektrik kupesidir.
İlkin məlumatlara görə, yeni kupe Hyundai, Kia və Genesis elektromobilləri üçün hazırlanmış E-GMP (Electric-Global Modular Platform) modul platformasına əsaslanır. Bu platforma bir neçə konfiqurasiya variantını təklif edir: standart olaraq, arxa oxda elektrik mühərriki quraşdırılır, tam ötürməli avtomobillər üçün isə ön oxda ikinci mühərrik nəzərdə tutulur.
Çox güman ki, Genesis kupesi ikimühərrikli güc qurğusunu alacaq və Ioniq 6 sedanı ilə unifikasiya ediləcəkdir: iki elektrik mühərriki ümumilikdə 306 at qüvvəsi hasil edir və 72,6 kilovat-saatlıq batareyadan qidalanırlar. Dolu batareya ilə, elektromobil WLTP dövrünə əsasən 500 kilometrə qədər məsafə qət edə biləcəkdir.
Videoçarxda yeni modelin bəzi dizayn xüsusiyyətləri nümayiş etdirilir. Məsələn, kupenin yan tərəflərində işıqlanan Genesis Quad Lights firma zolaqları yerləşdiriləcək, habelə kupe transmissiyanın qeyri-adi topşəkilli selektorunu əldə edəcəkdir .
Bir müddət bundan əvvəl, Genesis şirkəti mövcud olan modellərin elektrik modifikasiyaları üçün nəzərdə tutulan adları patentləşdirib: G70e, G80e, G90e, GV70e, GV80e və GV90e. Adların hamısının sonundakı "e" hərfi elektrik güc qurğusuna işarə edir. Bununla birlikdə, elektrik kupesinin fərqli bir ada sahib olacağı ehtimallar arasındadır.