Bir il yarım bundan əvvəl Genesis markası X Concept adlı kupeni təqdim edib. Keçən yazda isə, onun sonrakı inkişafı olan Genesis X Speedium Coupe fastbəki debüt edib. İndi isə, X seriyasından olan üçüncü konsept debüt edib. Hyundai şirkətinin premium subbrendi Los Ancelesdə keçiriləcək avtosalonda Genesis X Convertible kabrioletini nümayiş etdirməyi planlaşdırır.

Təəssüf ki, Koreya istehsalçısı, əvvəl də olduğu kimi, elektromobilin texniki hissəsi barədə heç bir məlumat verməyib. Bütün diqqət yenidən dizayna yönəldilib. Xatırladaq ki, bu layihədə həmyerlimiz Samir Sadıxov da iştirak edib.

Kabriolet Speedium fastbəki ilə eyni üslubda dizayna malikdir. Bu, Genesis brendinin firma dizayn üslubunun növbəti iterasiyasıdır: yoxa çıxmış radiator barmaqlığının formasını fənərlərin davamı olan işıq zolaqları yaradırlar. Qatlanan sərt dam üç hissədən ibarətdir, üstəlik, sərnişinlərin başı üzərindəki panel tamamilə şəffafdır.

Salonda dörd tam ölçülü oturacaq var, yəni Genesis X Convertible kabrioleti ölçülərinə görə BMW 8 Series və ya Mercedes E-Class modelləri ilə müqayisə oluna bilər. Oturacaqların ön səthləri dəri ilə üzlənib, onların yan tərəfləri, dirsəkaltılar və mərkəzi tunel üçün isə, təkrar emal edilmiş materiallardan hazırlanmış parça üzlüklərdən istifadə olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, daha vacib bir məsələ var. Deyəsən, belə kupe və kabrioletlər tezliklə Genesis brendinin istehsal proqramında peyda olacaqlar! Şirkətin yaradıcı direktoru Lyuk Donkervolkenin sözlərinə görə, Genesis öz inkişafının yeni mərhələsinə qədəm qoyur və təkcə ənənəvi çoxfunksiyalı avtomobillər (sedanlar, krossoverlər) deyil, həm də daha emosional modelləri istehsal edəcəkdir.

Odur ki, kupe və kabrioletlərdən ibarət olan X-ailəsinin seriya məhsuluna çevrilmək şansı var.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.