Genesis markası yeni G80 sedanının Sport indeksini almış versiyasını nümayiş etdirib. Cənubi Koreya istehsalçısı, "idman” görkəmi və xüsusi tərtibatı ilə seçilən avtomobilin eksteryer və interyerinin şəkillərini dərc edib. Bununla belə, istehsalçı lüks “idman” sedanının texniki xüsusiyyətlərini gizli saxlamağa üstünlük verib. Genesis G80 Sport modeli haqqənda ətraflı məlumatı 2021-ci ilin üçüncü rübündə açıqlanacaqdır.

Genesis nümayəndələri G80 Sport modelinin xarici görünüşünü “Atletik Zəriflik” dizayn üslubunun təkamülündə növbəti addım adlandırırlar. Model daha "aqressiv" bamperlərə və tündləşdirilmiş xromdan eksteryer elementlərinə, qırmızı və ya qara rəngli əyləc supportlarına, habelə unikal dizaynlı 20-düymlük təkər disklərinə sahib olub.

Nümayiş etdirilən G80 Sport sedanı eksklüziv qırmızı Cavendish Red rənginə boyanıb. Yeni çalar Kanadanın şərqindəki Şahzadə Edvard adasının şimal sahilindəki qayanın şərəfinə adlandırılıb.

Şəkillərdən göründüyü kimi, G80 Sport modeli üçqollu sükan çarxına malikdir. Genesis ön panel üçün üç tərtibat variantını hazırlayıb: tərtibatda alüminium, karbon və ya rombşəkilli naxışı olan bir neçə materialdan istifadə olunur. Əlavə ödəniş qarşılığında, oturacaqların rombşəkilli və ya V-şəklində naxışları olan xüsusi tərtibatını da sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt

Texniki detallar hələ açıqlanmasa da, Genesis şirkəti G80 Sport sedanının tam idarələnən şassini alacağını bildirib. Ötən ilin yazında nəsil dəyişdirən "standart" G80 modeli müvafiq olaraq 304 və 308 at qüvvəsi hasil edən 2,5 və 3,5 litrlik benzin mühərrikləri ilə təchiz edilir. Güc aqreqatları iki muftalı səkkiz pilləli "robot" ilə tandemdə çalışırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.