Hyundai şirkətinin premium subbrendi olan Genesis markası superkar buraxmaq niyyətindədir. Bu barədə məlumatı Nyu-York avtomobil sərgisində iştirak edən şirkət nümayəndələri vermişdirlər. Hal-hazırda Genesis brendi altında Hyundai Equus və Hyundai Genesis sedanlarını əvəz etmiş Genesis G90 və Genesis G80 sedanları buraxılır. Bir neçə gün bundan əvvəl, Cənubi Koreya şirkəti BMW 3-Series və Mercedes-Benz C-Class avtomobillərinə rəqib olacaq sedanın carçısını - Genesis New York Concept prototipini nümayiş etdirmişdir.
Cənubi Koreyalı istehsalçının gələcək planlarında superkarın da işlənib-hazırlanması məsələsi də mövcuddur. Bu barədə məlumatı Genesis markasının inkişafına cavabdeh olan Piter Şrayer vermişdir. Məşhur dizaynerin sözlərinə görə, superkarın hazırlanması məsələsi gündəmdədir, lakin, bunun üçün müəyyən müddət tələb olunur.
Yeni superkarın altı və səkkiz silindirli turboüfürməli mühərriklərlə təchiz edilmiş arxadan çəkişli kupe olacağı ehtimal olunur.
Xatırladaq ki, bir müddət əvvəl Hyundai şirkəti 3.3-litrlik V6 turbomühərrikini təqdim etmişdir. Bundan əlavə, şirkətin arsenalında beş litrlik V8 atmosfer mühərriki də mövcuddur.