Hyundai Motor qrupunun tərkibinə daxil olan Genesis markası özünün ən dəbdəbəli avtomobilini yeniləyib. Bu, Genesis G90 modelinin əsasında yaradılan uzunbazalı G90L limuzinidir. Xatırladaq ki, yenilənmiş Genesis G90 modelinin təqdimatı keçən ilin payızında baş tutub.

Koreyalılar Gensis G90L modelini limuzin adlandırsalar da, əslində VIP sərnişin yerləri sürücü məkanı ilə çəpərcik vasitəsi ilə bölünməyib. Avtomobili stretç-sedan adlandırmaq daha düzgün olardı.

Genesis G90L modeli adi G90 sedanından 290 millimetr uzadılmış təkər bazası ilə fərqlənir. Yeri gəlmişkən, bu 290 millimetrin 40 millimetri arxa qapılara, qalan 250 millimetri isə, mərkəzi dayaq zonasındakı əlavəyə qismət olub. Sedanın zahiri görkəmi Genesis markasının yeni dizayn konsepsiyası olan və «atletik zəriflik» adlandırılan üslubda yaradılıb. Bu üslubun ən seçilən elementləri heraldik qalxan formasında olan radiator barmaqlığı, ortasında gündüz hərəkət işıqlarının zolağı olan dörd bölməli LED fənərlər və arxa hissə boyu uzanan fənərlərdir.

Image alt Image alt Image alt Image alt Image alt

Genesis G90L modelinin sərnişinlərinin ixtiyarına yarıanilin dəri ilə üzlənmiş oturacaqlar, arxa dayaqlardakı gecə işıqları, ön oturacaqların arxa hissəsində quraşdırılmış multimedia sisteminin displeyləri, sağ sərmişin üçün hərəkət edən ayaq dayağı verilib. Bundan başqa, uzunbazalı sedanın interyeri boz-göy dəridən istifadə etməklə tərtib edilən ikirəngli sxemi ilə də seçilir.

Uzunbazalı sedan yalnız 413 at qüvvəsi hasil edən 5,0-litrlik V8 mühərriki, səkkiz diapazonlu avtomatik qutu və tam çəkiş sistemi ilə təklif edilir.