Genesis markası X Speedium Coupe konseptinin interyerini nümayiş etdirib. Cənubi Koreya brendinin yeni korporativ kimliyini ortaya qoyan elektrik konsepti bu ilin yazında debüt etmişdi, lakin o zaman istehsalçı konseptin yalnız eksteryerini göstərmişdi. Gələcəyin kupesi sürücüyə istiqamətlənmiş asimmetrik salon arxitekturasına, minimalist dizayna, əyri OLED displeyinə və bitki mənşəli dəridən üzlüklərə malikdir.
Dəbli Genesis X Speedium Coupe konsepti bu ilin aprelində debüt edib. Lakin konsepti Kia və Hyundai avtomobillərinin nümayiş olunduğu Nyu-York avtosalonunda deyil, Manhettenin qərbində, Mitpəkinq ticarət rayonunda yerləşən Genesis House brend butikində göstərilmişdi.
Prototip Cənubi Koreya brendinin elektromobillərinin dizayn vektorunu nümayiş etdirir, tünd yaşıl rəngə boyanıb və Cənubi Koreyanın Inje Speedium yarış trekinin şərəfinə adlandırılıb.
Artıq yuxarıda qeyd etdiyimiz kimi, yazdakı təqimat zamanı X Speedium Coupe konseptinin interyeri göstərilməmişdi. Koreyalılar avtomobilin salonu üzərindəki sirr pərdəsini bu günlərdə Pebbl Biçdə keçirilən Zəriflik müsabiqəsində götürüblər.
Genesis nümayəndələri şou-karın salonunun aydın şəkildə sürücü yönümlü olan ənənəvi Beauty of White Space (“Boş məkanın gözəlliyi”) dizayn konsepsiyasına cavab verdiyini bildirirlər. Daha tutarlı kontrastı nümayiş etdirmək üçün kokpit yaşıl Pinegrove Green, sərnişin oturacaqları isə, açıq-qəhvəyi Monterey Gold rəngində dəri ilə üzlənib.
Konseptin ön panelində OLED displey quraşdırılıb, onun mərkəzində daxili yanma mühərrikli avtomobillərdəki taxometrin analoqu olan elektrik mühərrikinin hasilat göstəricisi var. Sürücünün sağ tərəfindəki sensorlu panel multimedia sisteminin idarəetmə və mexatronikanın tənzimləmə düymələri ilə “oldurulub”.
Konseptin oturacaqları bitki mənşəli dəri ilə üzləniblər (aşı qarışığı sitrus və mimozadan alınır), damalı qapı bəzəkləri isə klassik idman avtomobillərinə işarədir. Səs sisteminin alüminium torlu dinamiklərini Metal Sound Design hazırlayıb.
Bu arada X Speedium Coupe konseptinin seriya versiyasının olmayacağı artıq məlumdur. Çox güman ki, konseptdə tətbiq edilmiş bir sıra stilistik həllərindən gələcək Genesis elektromobillərində istifadə ediləcəkdir. Əlbəttə ki, güclü adaptasiyadan sonra… Hələlik isə, Genesis markasının model çeşidində üç elektrokar mövcuddur - GV60, Electrified G80 və Electrified GV70.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.