Səliqəli və yaraşıqlı olmaq hər bir kişinin istəyidir. Geyim tərzi və uyğunluğu ona olan etibarı və marağı artırır. Doğru tərz və obrazlarla yanaşı rənglərin də vacib mənası var, çünki rəng kişinin xarakterini əks etdirir.
Qarderobdakı rənglər onun sahibi üçün xüsusi əhəmiyyət kəsb edir. Geyimdə müəyyən rəngin seçilməsi onun əhval-ruhiyyəsindən və psixoloji vəziyyətindən asılıdır. Bir qayda olaraq, hər qarderobda müəyyən bir rəng üstünlük təşkil edir ki, bu da xasiyyətin göstəricisidir. Adi rənglərdən ibarət olan fərqli geyim aksessuarları həyatın müəyyən anındakı emosional vəziyyətdən bəhs edir.
Görünüşdən əlavə geyimdəki rəng psixologiyası əhval-ruhiyyəmizdə də əks olunur. Bir qayda olaraq, incə və həssas insanlar neytral rənglərin incə çalarlarına, aktiv və inamlılar isə parlaq rənglərə üstünlük verirlər. İstisnalar mümkündür, lakin əksər hallarda "öz" rəngini seçmədikdə insan özünü narahat hiss edir, yaxşı seçilmiş geyim isə əhval-ruhiyyəni yaxşılaşdıra və yorğunluğu aradan qaldıra bilər.
✽ Bu məqaləyə də baxın – Qalstukun rəngi nə deyir? ➤
Ümumilikdə kişilərin qarderobunda mavi, qara, boz, bej, qəhvəyi, ağ rənglər üstünlük təşkil edir. Lakin, azərbaycanlıların qarderobunda qara, boz və tünd göy rənglər daha çox yer tutur. Əhval-ruhiyyədən asılı olaraq, parlaq rənglərdə (qırmızı, narıncı, yaşıl, kürən) aksessuarlar da yer verilə bilər.
Qarderobdakı rənglər onun sahibi haqqında müəyyən fikir formalaşdırmağa imkan verir, çünki rəng seçimi şüuraltı və xarakter olaraq seçilir.
Bəs kişilərin qarderobundakı rənglər onun haqqında nə deyir?
Qara
Azərbaycanda ən çox istifadə olunan rəngdir. Qara – prestij, güc və hörmət əlamətidir. Moda dünyasında çox məşhur bir rəngdir, çünki zərifliyi əks etdirir və zamana tabe deyil. Qara kostyumda olan kişilər iradə və qətiyyəti əks etdirərərək, ciddi və təmkinli görünürlər. Ancaq qarderobdakı əşyalar əsasən qara rəngdədirsə, əks təəssürat yaradır və kişinin həqiqi xarakterini gizlətməyə çalışır, özünə güvənin aşağı olmasını, soyuqqanlılıq və emosiyaların yoxluğunu əks etdirir.
Bəzi ölkələrdə qara rəng yas və faciə ilə əlaqələndirilir, ona görə də onun qarderobda yeganə rəng olması tövsiyə edilmir, çünki bu rəng həyəcan, narahatlıq və özünə qapılma riski yarada bilər.
Mavi
Psixoloqların fikrincə, mavi rəng ciddilik, yüksək səviyyədə nizam-intizam və məsuliyyətin simvoludur. Bu rəng tarazlığını pozmaq çətin olan və özünə güvənən kişilər tərəfindən seçilir. Mavi tez-tez qırmızı ilə müqayisə olunur, çünki onlar əks rənglərdir. Mavi – sakitliyi və konsentrasiyanı, qırmızı isə gözlənilməz davranış və emosiyların sıçrayışını əks etdirir.
Qırmızı
Bəlkə də qarderobdakı tamamilə fərqli və ziddiyətli şərh olunan rənglərdən biridir. Güclü bir xarakterə sahib olan, özünə güvənən və güclü daxili gücü olan kişilər tərəfindən seçilir. Qırmızının güclü sevgi və seksual enerjisi var. Lakin, bununla yanaşı, aqressiya və həddən ziyadə emosionallıqla assosiasiya olunduğu üçün, bu rəngin seçiminə diqqətlə yanaşmaq lazımdır. Stilistlər qırmızını onun digər çalarları ilə, məsələn, bordo yaxud terrakota rəngləri ilə əvəz etməyi məsləhət edirlər.
Həyati enerjisi az olan, tez-tez zəiflik, səbəbsiz yorğunluq yaşayan insanlara qırmızının çalarlarını öz qarderoblarına əlavə etməsi məsləhətdir.
Qəhvəyi
Rəsmi üsluba riayət edən kişilər arasında məşhur rəngdir. Bu rəngi geyimdə istifadə edən kişilər ciddi həyat mövqeyinə sahibdirlər, rahatlıq və etibarlılığa üstünlük verirlər. Qəhvəyi rəngi sevənlər dözümlülük və çalışqanlıqla fərqlənirlər. Ancaq çox zaman koservativ olurlar, həyatında ciddi dəyişiklikləri sevmir, komfort zonasına üstünlük verirlər və onu tərk etməyi sevmirlər.
Boz
Əksəriyyət səhvən boz rəngi darıxdırıcı və depressiv hesab edir. Əksinə, o, mavi və ya qəhvəyi ilə birlikdə sakitliyi, neytrallığı və sabitliyi simvollaşdırır. Hesab olunur ki, boz psixikanı rahatlaşdırır və fikirlərin nizamlanmasına kömək edir. Boz rəngin çoxluğu depressiv təsir göstərə bilər, ona görə də onu digər rənglərlə kombinasiya etmək lazımdır.
Boz rəngin çalarları ilə gözəl monoxrom obraz yaratmaq olar. Lakin, bu obraza fərqli rəngdə bir predmet əlavə edilərsə, daha zövqlü görünüş yaradar. Boz rəng baza rəng olduğu üçün bütün rənglərlə uyğunlaşa bilir. Mavi, qırmızı və onların çalarları ilə tam uyğunlaşır.
Ağ
Bu rəng hər şeydə nizam-intizam axtaran insanlar tərəfindən seçilir. Ağ – ideal, nikbinlik, bayram atmosferi arzusu ilə assosiasiya olunur. Çox mədəniyyətlərdə ağ rəng – saflıq, mənəviyyat, sadəlik mənasına gəlir. Ağ rəngə üstünlük verən şəxs səliqəlidir, yenilikləri və öz üzərində çalışmağı sevir. Ağ rəng neytraldır və nadir hallarda başqalarını qıcıqlandıra bilər.
Psixo-emosional diskomfortdan əziyyət çəkənlər üçün qarderoba ağ rəngin əlavə edilməsi mənfi enerjini zərərsizləşdirməyə və şüuru təmizləməyə kömək edə bilər. Qızmar yay ayları üçün ideal rəngdir, çünki ağ rəng günəş şüalarını əks etdirərərək bədənin qızmasının qarşısını alır.
Yaşıl
Yaşıl rəngə dünyaya açıq olan sabit, intellektual inkişaf etmiş insanlar tərəfindən üstünlük verilir. Bu şəxslər eksperimentləri sevir və ətrafdakılarla asanlıqla əlaqə qura bilirlər. İşdə belə insanlar çalışqan və əməksevrədilər, çünki yaşıl rəng konsentrasiyaya və yeni məlumatları tez bir zamanda mənimsəmək qabiliyyətinə müsbət təsir göstərir. Dinamikanı sevən kişilər üçün ən uyğun rəngdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.