Sportprototiplər istehsalçısı olan Ginetta şirkəti Cenevrə avtosalonunda Aston Martin markasının hardkor modellərinə rəqib olacaq superkarı nümayiş etdirəcəkdir. Yeni superkar unikal V8 mühərrikinə, şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış ötürmələr qutusuna və yarış asqısına malik olacaqdır.
“Autocar” nəşrinin məlumatına görə, LMP2 kateqoriyasında “Le Manın 24 saatı” yarışlarının qalibi Lourens Tomlinsonun sahibi olduğu Ginetta şirkəti son illərdə özünün dizayn mərkəzini ciddi şəkildə genişləndirmiş avtoklav və rəqəmsal proqram idarəetməsinə malik olan dəzgahları əldə edib. İşləmələrin əksər hissəsini şirkət öz qüvvəsi ilə həyata keçirir.
İlkin məlumata görə, Ginetta superkarı karbon liflərindən hazırlanmış ultrayüngül şassidə yığılacaqdır. Avtomobilin kuzov panelləri də kompozit materiallardan hazırlanacaqdır. Superkarın, markanın Qarfortdakı mərkəzinin mütəxəssisləri tərəfindən yaradılmış və sınaqdan keçirilmiş ən radikal aerodinamik dəstə malik olacağı da söylənilir.
Ginetta superkarı üçün 600 at qüvvəsinin üzərində güc hasil edən çox yığcam atmosfer tipli 6,0-litrlik V8 mühərrikini hazırlayıblar. Güc aqreqatının bloku bütöv alüminium parçasından yonulubdur. Güc aqreqatı sükanaltı dəstəkləri olan sekvental qutu ilə tandemdə çalışacaqdır. Asqı sistemi puş-rodları olan ikiqat köndələn qollardan ibarətdir. Ginetta superkarının maksimal sürəti 322 kilometr saat olacaqdır.