Chevrolet Silverado HD (Heavy Duty) modeli keçən ilin dekabrında təqdim edilib. Buna baxmayaraq, ağır pikap haqqında ətraflı məlumat verilməyib. Bu gün isə, Silverdo HD modelininin yaxın qohumu olan ağır GMC Sierra HD pikapı təqdim olunub. Silverado modelindən fərqli olaraq, Sierra HD pikapı haqqında daha ətraflı məlumat verilib.
Yeni GMC Sierra HD sələfindən daha iri olub. Əvvəl olduğu kimi, model xəttində 2500HD və 3500HD modifikasiyaları mövcuddur. Ən ağır modifikasiyaları qoşatəkərli arxa oxla da sifariş etmək olar. Pikapın təkər bazası, uzunluğu və hündürlüyü, həmçinin oturacaq cərgələri arasındakı məsafə (+76 millimetr) artıbdır.
GMC Sierra HD Denali
Chevrolet Silverado HD modelindən fərqli olaraq, GMC Sierra HD yalnız dördqapılı Crew Cab kabinası və ön hissənin yeganə tərtibatı ilə təklif edilir. Pikapın bütün işıq texnikası diodlardan hazırlanıb. Buraya avtoqatarların işarə edildiyi kabina üzərindəki siqnal işıqları da daxildir. Pikapın modifikasiyaları radiator barmaqlığının tərtibatı və dekoru ilə fərqlənirlər.
Yükləmə prosesini asanlaşdırmaq məqsədi ilə yük platformasının döşəməsinin hündürlüyü 25 millimetr aşağı salınıbdır. Yüngül çəkili Sierra 1500 pikapından sonra ağır pikaplar da açılan bölümü olan opsional MultiPro arxa bort ilə təchiz edilirlər. Bu bölmədən dar dayanacaqlarda və yaxud dayaq kimi istifadə etmək olar. Açılan hissədə xırda əşyalar üçün bölümlər də vardır. Əsas bort açıldıqdan sonra, kiçik bölümdən pillə də çıxır. Ümumilikdə altı transformasiya variantı mövcuddur.Yeni nəsil Sierra HD modelinin daha bir maraqlı cəhəti yük bölümünün bortlarındakı və arxa bamperin kənarlarındakı ayaqaltılardır.
GMC Sierra HD AT4
Yeni pikapların daha sərt ramaya sahib olması sayəsində, onlar 13,6 tonluq qoşqunu yedəyə ala bilirlər. Xatırladaq ki, əvvəlki modeldə bu göstərici 10,6 tona bərabər idi. Təəssüf ki, istehsalçı yeni pikapların digər yükgötürmə göstəricilərini açıqlamayıb.
GMC Sierra HD modeli ağır pikaplar arasında ilk dəfə olaraq bir sıra opsiyaları əldə edib. Bunlara misal olaraq, 15-düymlük proyeksiya displeyini və displey rejimi olan arxa görüntü güzgüsünü göstərmək olar. Opsional ProGrade Trailering sistemi multimedia kompleksinə 15-ə qədər xarici kameranı qoşur ki, bu da iri qoşquların yedəyə alınması zamanı çox aktualdır. Yan müşahidə kameralarını və yaxud yaşayış qoşqusunun içərisində də kamera yerləşdirmək mümkündür. Ən qeyri-adi rejim isə, qoşqunu «şəffaf» edən rejimdir. Bundan başqa, mediasistem vasitəsi ilə qoşqu-kemperin sistemlərini də idarə etmək mümkündür.
ProGrade Trailering System
Pikapın təchiz edilidyi 6,6-litrlik səkkiz silindrli Duramax mühərriki təkmilləşdirilsə də, onun hasilatı dəyişməyib - 451 at qüvvəsi və 1234 Nm. Güc aqreqatı 10-pilləli avtomatik Allison transmissiyası ilə tandemdə çalışır. Bir müddət sonra modelin mühərrik çeşidinə yeni benzin güc aqreqatı da daxil ediləcəkdir. Qoşatəkərli versiyalar istisna olmaqla, bütün modifikasiyaları AT4 yolsuzluq dəstini sifariş etmək olar. Bu dəstin tərkibinə gücləndirilmiş asqı, dişli təkərlər, Eaton qapanması olan arxa differensial və hərəkət elektronikasının əlavə rejimi daxildir.
GMC Sierra HD modelinin alıcılarının əksər hissəsi dəbdəbəli Denali təchizat səviyyəsini seçirlər. Belə modifikasiyalar bol xrom dekorla, həmçinin salonun əsl ağac və dəri ilə tərtibatını nəzərdə tutur.
Yeni nəsil GMC Sierra 2500HD və 3500HD pikapları amerikan bazarında avqust ayından başlayaraq satışa çıxarılacaqdırlar.