Golf elektrik hetçbeki ID.3 elektromobilinin istehsalına son verlməsinə səbəb ola bilər. Alman konserninin nümayəndəsi Volkswagen ID.3 modelinin hazırkı versiyasının şirkətin model xəttindən çıxarılması ehtimalının olduğunu söyləyib. Artıq Volkswagen mühəndisləri tamamilə elektrik ötürməsinə keçəcək Golf modelinin üzərində çalışmağa başlayıblar.
Volkswagen Golf modelinin doqquzuncu nəsli alman qrupunun Volfsburqdakı zavodunda istehsal ediləcək. Golf elektrokarı hələlik üzərində çalışmalar gedən yeni modul arxitekturasına əsaslanacaq. Çox sayda “ağıllı” həlləri alacaq əfsanəvi modelin elektrik varisinin 2026-cı ildə debüt edəcəyi gözlənilir.
Eyni zamanda, Volkswagen şirkətinin texniki inkişaf üzrə direktoru Kay Qrünits, eyni sinifdə çıxış edən və eyni müştərilər üçün maraqlı olan iki batareyalı model üçün avtomobil bazarında kifayət qədər yerin olmadığını bildirib.
Bununla əlaqədar olaraq top menecer Golf elektromobilinin ID.3 hetçbekinin istehsalının dayandırılmasına səbəb ola biləcəyini də istisna etmir. Bununla belə, Qrünits hələlik irəli baxmamağa çağırıb, çünki mühəndislər Golf modelinin doqquzuncu nəsli üzərində çalışmalara yeni başlayıblar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.