Hər kəsin əfsanəvi McLaren F1 superkarının baş konstruktoru kimi tanıdığı Qordon Marri tərəfidən yaradılmış Gordon Murray Automotive şirkəti özünün GMA T.33 adlanan ikinci superkarını təqdim edib. Əslində yeni superkarı T.50 modelinin əlçatan versiyası hesab etmək olar. Şirkət 615 at qüvvəli V12 mühərriki ilə təchiz olunmuş GMA T.33 modelini “dünyanın ən yaxşı qran turizmo superkarı” adlandırır. Yeni superkarın qiyməti 1.370.000 funt sterlinqdir.

GMA T.33 modelinin əsasını iFrame alüminium karkası, ikiqat köndələn qollu asqısı olan karbon monokok təşkil edir. Mərkəzdə yerləşən və şassinin yarıyüklənmiş elementi olan 3,9-litrlik V12 atmosfer mühərriki 615 at qüvvəsi və 451 Nm fırlanma anı hasil edir. Mühərrik maksimal fırlanma anının 75 faizini 2500 dövr/dəqiqədə, 90 faizini isə 4500-dən 10500 dövr/dəqiqə diapazonunda təmin edir. Superkarın çəkisi 1100 kiloqramdır ki, bu da onun gücün çəkiyə olan nisbətinin 1 tona 556 at qüvvəsi təşkil etdiyindən xəbər verir.

Cosworth şirkətinin hazırladığı V12 mühərriki 6-pilləli mexaniki ötürmələr qutusu və ya eyni pilləyə malik olan “robot” ilə təchiz edilə bilər. Mexaniki transmissiyanın çəkisi 82 kiloqramdır. T.33 modelinin dinamik göstəriciləri açıqlanmayıb.

Ortamühərrikli superkar ikiyerlidir və ümumi həcmi 300 litr olan üç baqaj bölümünə malikdir: ən tutumlu baqaj bölümü öndə, daha iki bölmə isə mühərrikin sağ və sol tərəflərində yerləşir. Salonda çoxsaylı analoq düymələrini, habelə Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemini görmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GMA T.33 modelinin tirajı yüz nüsxə ilə məhdudlaşdırılıb. Avtomobillər Gordon Murray Automotive şirkətinin Britaniyadakı müəssisəsində yığılacaqlar.  Avtomobillərin bir hissəsinin sükanı sağ tərəfdə, digər hissəsinin isə sol tərəfdə yerləşəcəkdir. Superkara sifarişlər artıq qəbul olunur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.